Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir Azad Həsənli/
Azərbaycanın dövlət büdcəsindən ipoteka kreditləşməsinə əlavə 200 milyon manatın ayrılması daşınmaz əmlak bazarında fəallığın artmasına və tikinti sektorunun inkişafına səbəb olacaq.
Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, ipoteka kreditləşməsi daşınmaz əmlak bazarının sabitləşməsində vacib rol oynayır: "2008-2009-cu illərdə daşınmaz əmlak bazarı böhran vəziyyətində olub, 2009-cu ildə isə məhz ipoteka kreditləşməsinin bərpa edilməsi sayəsində canlandı. Hazırda bazar ən passiv dövrünü yaşayır, buna görə də əlavə maliyyələşdirmə bazarda aktivliyi artıracaq ki, bu da tikinti bazarının inkişafına gətirib çıxaracaq".
Bununla belə, ekspertin fikrincə, bu, (maliyyələşdirmənin həcminin artması) qiymət artımına səbəb ola bilməz, çünki bunun üçün əvvəlcə hazırda 50 min manat olan kreditin maksimum həcmi artırılmalıdır.
N.İbrahimov qeyd edib ki, dövlət büdcəsindən ayrılan vəsaitlər əsasən sosial ipotekanın maliyyələşdirilməsinə yönəldilir: "Buna baxmayaraq, sosial ipotekadan daxilolmalar dolayısilə adi ipotekanı da maliyyələşdirir. Kreditlərin ödənilməsi zamanı vəsaitlər Azərbaycan İpoteka Fondunda yığılır. Vəsaitlər sonradan adi ipotekanın maliyyələşdirilməsinə istiqamətlənir. Bununla da bu vəsaitlər həm sosial, həm də adi ipotekanın maliyyələşdirilməsi üçün istifadə ediləcək".