...

Azərbaycanın tanınmış iqtisadçısı, AMEA prezidentinin müşaviri Rəhim Hüseynov vəfat edib

Cəmiyyət Materials 12 May 2014 11:32 (UTC +04:00)
Azərbaycanın tanınmış iqtisadçısı, AMEA prezidentinin müşaviri Rəhim Hüseynov vəfat edib.
Azərbaycanın tanınmış iqtisadçısı, AMEA prezidentinin müşaviri Rəhim Hüseynov vəfat edib

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanın tanınmış iqtisadçısı, AMEA prezidentinin müşaviri Rəhim Hüseynov vəfat edib.

Trend xəbər verir ki, Azərbaycan Milli Elmlər Akadmeiyası (AMEA) prezidentinin müşaviri, AMEA-nın Rəyasət Heyətinin Mərkəzi Aparatının "İnnovasiya" şöbəsinin rəisi, Azərbaycan Marketinq Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Rəhim Hüseynov bu gecə 53 yaşında dünyasını dəyişib.

Mərhumun yaxınlarının Trend-ə bildirdiyinə görə, vida mərasimi bu gün saat 14:00-da Təzəpir məscidində olacaq.

Xatırladaq ki, Rəhim Hüseyn oğlu Hüseynov 1961-ci il iyulun 22-də Bakı şəhərində anadan olub. O, 1978-1983-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Mühəndis-iqtisad fakültəsində təhsil alıb. 1991-92-ci illərdə İstanbul Dövlət Universitetində İdarəetmə fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirib.

AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində mühəndis, böyük mühəndis, böyük iqtisadçı, I dərəcəli iqtisadçı vəzifələrində çalışıb.

"SİAR" şirkətində təsisçilərdən biri və baş menecer, "Marketinq mütəxəssisləri" İctimai Birliyində idarə heyətinin sədri, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru, AR İqtisadiyyat və Sənaye Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müşaviri olub.

Rəhim Hüseynov 2005-ci ildən Dünya İqtisadi Forumunun Azərbaycanda tədqiqatlar üzrə tərəfdaşı, 2006-cı ildən Ümumdünya Ticarət Təşkilatı Beynəlxalq Ticarət Mərkəzinin Azərbaycanda rəsmi tərəfdaş Qrupunun rəhbəri, Azərbaycan Kənd Təsərrüfatına Yardım Layihəsi üzrə Milli ekspertlər Komissiyasının üzvü olub.

Qeyd edək ki, mərhum özünün Facebook səhifəsində mayın 9-da paylaşdığı son statusunda belə yazmışdı: "Pаскройте свои способности!" Kim bu ifadəni azərbaycancaya ən kreativ tərcümə edə bilsə, məndən bir samovar çayı dəsgahı".

Təəssüf ki, indi bu çay dəsgahı Rəhim Hüseynovu sevənlərə onun yas mərasimində ehsan kimi veriləcək...

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti