Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İlkin İzzət/
"Hazırda beynəlxalq münasibətlərdə böhran yaşanır. Azərbaycan nə qədər səmimiyyət göstərirsə, o qədər də bəzi dövlətlər və beynəlxalq təşkilatlar üstümüzə gəlirlər". Trend-in məlumatına görə, bunu jurnalistlərə I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasını şərh edərkən parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov bildirib ki, I Avropa Oyunları ilə bağlı bir sıra dövlətlər və QHT-lər qarayaxma kampaniyasına qoşulublar: "Biz hələ bir neçə il əvvəl "Avroviziya" mahnı müsabiqəsini keçirəndə qarayaxma kampaniyasının şahidi olmuşuq. Təəssüf ki, qarayaxma kampaniyasına qoşulanlar Azərbaycanı gözdən salmaq istəyirlər. Əslində, I Avropa Oyunlarının keçirilməsi məsuliyyətini üzərimizə götürdüyümüzə görə, bizə təşəkkür etməlidirlər. Ancaq biz bunun tamam əksini görürük. Bunlar hamısı əbəsdir".
Z.Əsgərov bildirib ki, Azərbaycan iqtisadi inkişafı, siyasi nüfuzu ilə dünyada özünəməxsus yer tutur: "İnanıram ki, I Avropa Oyunları da çox yüksək səviyyədə həyata keçiriləcək. Əslində, bizim bu Oyunları yüksək səviyyədə keçirməyimiz onlara ən tutarlı və layiqli cavab olacaq. Bu oyunların Azərbaycana siyasi, iqtisadi, mənəvi və digər divident verməyini bir kənara qoyuram. Oyunların Azərbaycana verəcəyi ən mühüm xeyri Azərbaycan xalqının dövlətçiliyinə olan inamının və özünə güvənin möhkəmləndirilməsi olacaq. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda hansı vəziyyət vardı? Ulu öndərimiz antiazərbaycan qüvvələrinə bir daha sübut etdi ki, Azərbaycan xalqı bu xaosdan çıxa, müstəqil, güclü dövlət qura bilər. Həmin kurs bu gün davam edir. Bu kursun əhəmiyyəti ondan ibarətdir ki, Avroviziya mahnı müsabiqəsi keçirə bilər, müxtəlif mədəni tədbirlər təşkil edə bilər. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir daha sübut edir ki, Azərbaycan xalqı möhtərəm Prezidentimizin rəhbərliyi ilə özünə güvənir. Əsas dividentimiz ondan ibarət olacaq ki, bu bir daha xalqla dövlət, Prezident arasında olan sıxlığın bir daha bariz nümunəsini göstərəcək".