...

Polşanın sabiq naziri: "İlk Avropa Oyunları Azərbaycan tarixində xüsusi bir hadisə olacaq"

Baku 2015 : EUROGAMES Materials 12 May 2015 17:17 (UTC +04:00)
Polşanın sabiq idman naziri Coanna Mukanın İlk Avropa Oyunları ilə bağlı Trend-ə ekskluziv müsahibəsi
Polşanın sabiq naziri: "İlk Avropa Oyunları Azərbaycan tarixində xüsusi bir hadisə olacaq"

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Elçin Mehdiyev/

Polşanın sabiq idman naziri Coanna Mukanın İlk Avropa Oyunları ilə bağlı Trend-ə ekskluziv müsahibəsi

- Bildiyiniz kimi Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları dünya idman tarixində ilk hadisədir. İstərdik, bu Oyunların əhəmiyyəti barədə danışasınız.

Böyük beynəlxalq idman yarışmaları adətən ona ev sahibliyi edən hər bir ölkəyə uzun müddətli faydalar gətirir. İnanıram ki, Azərbaycanda baş tutacaq Birinci Avropa Oyunları da bu baxımdan ölkə üçün əhəmiyyətli olacaq. Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə həm daxili, həm də xarici aspektlərdən böyük faydalar götürəcək. Adətən bu cür yarışmalara ev sahibliyi edən hər bir ölkə dünya mətbuatının və ictimaiyyətinin diqqət mərkəzində olur. Oyunlar ölkədə daxili infrastrukturun inkişafına, ölkəyə kapital axınına şərait yaradacaq, o cümlədən Azərbaycanın dünyada müasir və təhlükəsiz, səfər etmək və investisiya qoymaq üçün əlverişli ölkə kimi geniş təbliğinə imkan verəcək.

Bundan əlavə, Oyunlar Azərbaycanda idmanın inkişafına da mühüm təsir göstərəcək. Burada söhbət yalnız idmançıların qələbələrindən və təcrübə qazanmasından getmir, o cümlədən insanlar arasında, xüsusən də gənclər arasında sağlam həyat tərzinin təşviqindən gedir. Birinci Avropa Oyunları sayəsində Azərbaycanda daha çox insan sağlam həyat tərzinə diqqət yeritəcək və idmanın onların həyatına, sağlamlığına gətirə biləcəyi faydaları müəyyən edəcəklər.

- Sizcə İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəyə nə kimi faydalar gətirəcək?

Kütləvi informasiya vasitələri, xüsusən də televiziyalar və sosial media sayəsində Avropa Oyunlarının keçirildiyi müddətdə dünyanın diqqəti Azərbaycana yönələcək. Bu, Azərbaycan üçün xüsusi bir il olacaq, necəki UEFA AVRO 2012-ə ev sahibliyi etmək Polşa üçün xüsusi bir il olmuşdur. Həmin il Polşanın idman naziri olduğum üçün, bunu tam əminliyi ilə deyə bilərəm. Çünki UEFA AVRO 2012 Polşanın tarixində ən böyük investisiya gətirən bir hadisə kimi yadda qalıb. Həmin il Polşada yeni müasir və gözəl stadionlar tikildi, yarışmalara ev sahibliyi edən şəhərlərdə yeni hava limanları, dairəvi yollar, dəmir yolları və tramvay xəttləri salındı. UEFA AVRO 2012 ilə əlaqədar Polşaya 650 mindən çox turist səfər etdi, hətta 300 minə qədər turist kimi qeydə alınmayan xarici qonaqları da bura əlavə etsək, daha böyük rəqəm alınar. UEFA AVRO 2012 ilə əlaqədar Polşaya səfər edən insanlar sayəsində ölkə 100 milyonlarla avro gəlir götürdü. Lakin bu hələ hamısı deyildi. Ən əsası, yarışlar zamanı keçirilən sorğular nəticəsində məlum oldu ki, ümumilikdə Polşaya səfər edən qonaqlar ölkə haqqında müsbət rəydədirlər. Belə ki, qonaqların 90 faizindən çoxu dostlarına və yaxınlarına Polşaya səfər etməyi tövsiyyə etmək niyyətində olduğunu bildirdi, 80 faizə qədəri isə yarışlardan sonra yenidən Polşaya gəlmək arzusunda olduqlarını söylədirlər. Yəni, UEFA AVRO 2012-nin Polşa üçün uzun müddətli faydası həmin qonaqların ölkəyə yenidən gəlməsidir.

Bundan əlavə, UEFA AVRO 2012 Polşanın dünyada geniş təbliğinə şərait yaratdı. Polşa brendlərinin dəyəri milyonlarla avro artdı, yarışmalara ev sahibliyi edən şəhərlərin reytinqi xeyli yüksəldi. Yəni bu yarışmalar Polşa tarixində ən böyük faydalar gətirdi.

Yuxarıda sadaladıqlarım sadəcə bir hissə idi, Polşa bu yarışmalardan daha böyük faydalar götürdü.

İnanıram ki, Azərbaycan da Birinci Avropa Oyunları kimi böyük yarışmaya ev sahibliyi etməklə bu cür uğurlar əldə edəcək və həm ölkənin beynəlxalq nüfuzunun artmasına, həm də iqtisadi inkişafa nail olacaq.

- Bəzi beynəlxalq dairələr, xarici QHT-lər İlk Avropa Oyunlarından Azərbaycana təzyiq göstərmək, qarayaxma kampaniyası aparmaq üçün istifadə edirlər. Bir idman yarışmasını siyasi məqsədlər üçün istifadə etmək nə dərəcədə düzgündür?

Hesab edirəm ki, Olimpiya Xartiyasında qeyd olunan idman hərəkatının əsas prinsiplərinə hörmətlə yanaşmalıyıq. İdman siyasi alət kimi istifadə olunmamalıdır. Hər kəs anlamalıdır ki, idman insanları ayırmaq üçün deyil, birləşdirmək üçün istifadə olunmalıdır. Bu baxımdan ilk Avropa Oyunları da xalqları və millətləri bir-birinə daha da yaxınlaşdırmaq anlamına gəlir. İnanıram ki, ilk Avropa Oyunları Avropa idmanının əsl bayramı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti