...

Avropa Oyunlarına həsr edilmiş dünyanın ən böyük şokolad rəsmi Bakıda (FOTO)

Baku 2015 : EUROGAMES Materials 5 İyun 2015 17:27 (UTC +04:00)
Dünyanın 40-dan çox ölkəsində nümayiş olunan "Nikolya" şokolad muzeyinin müəllif sərgisi mayın 15-dən Bakıdakı Muzey Mərkəzində sərgilənir.
Avropa Oyunlarına həsr edilmiş dünyanın ən böyük şokolad rəsmi Bakıda (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Dünyanın 40-dan çox ölkəsində nümayiş olunan "Nikolya" şokolad muzeyinin müəllif sərgisi mayın 15-dən Bakıdakı Muzey Mərkəzində sərgilənir. Muzeyin yaradıcısı məşhur şokolad ustası Nikolay Popovdur. I Avropa Oyunları ərəfəsində təşkil olunan sərgini ötən müddətdə minlərlə insan ziyarət edib.

Trend-in məlumatına görə, bu gün sərgi ekspozisiyasında məxsusi olaraq Bakıda I Avropa Oyunlarına həsr edilmiş, ümumi çəkisi 200 kq, eni 3 metrdən çox olan, şokoladdan hazırlanmış 3D rəsminin təqdimat mərasimi keçirildi. Bu, dünyada analoqu olmayan ən böyük şokolad rəsmidir.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyri-adi sərginin I Avropa Oyunları ərəfəsində Bakıya gətirilməsini əlamətdar hadisə adlandırdı və bu təşəbbüsə görə Belarusun ölkəmizdəki səfirliyinə təşəkkürünü bildirdi.

Qeyd olundu ki, sərgilən nümunələrin hər biri öz gözəlliyi ilə diqqət çəkir. Təqdim edilən nümunələrlə yanaşı, şokolad ustası ölkəmiz üçün tarixi olan hadisəyə də öz töhfəsini vermək qərarına gəlib. İlk Avropa Oyunlarına həsr edilən şokolad əsəri məhz Bakıda hazırlanıb: "Avropa Oyunları bütün dünyanın diqqət mərkəzindədir. Bu ab-hava incəsənət adamlarına da təsirsiz ötüşmür. Gördüyünüz sərgi ilə yanaşı, Oyunlar müddətində konsertlər, tamaşalar, təqdimatlar, müxtəlif mədəni tədbirlər də keçiriləcək. Məqsədimiz Azərbaycan xalqının mədəniyyətini, tarixini, incəsənətini layiqincə təqdim etməkdir, eyni zamanda, Bakının beynəlmiləl şəhər olduğunu göstərməkdir. Bu səbəbdən də digər ölkələrdən olan sənət adamlarına burada öz yaradıcılıqlarını nümayiş etdirməsinə hər zaman şərait yaradırıq".

Nazir onu da əlavə etdi ki, Avropa Oyunları müddətində paytaxtın mədəniyyət müəssisələri axşam saatlarınadək fəaliyyət göstərəcək. Oyunların bağlanış mərasiminə yaxın günlərdə isə nazirlik bütün mədəniyyət ocaqlarına sərbəst giriş günü təşkil edəcək. Bu, şəhərimizin qonaqlarına gözəl bir hədiyyə olacaq.

Tədbirdə iştirak edən I Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru Saymon Kleq belə gözəl bir sərgidə iştirakından məmnunluğunu bildrdi. Qeyd etdi ki, sərgi əlamətdar bir hadisədir: "Sərgi vasitəsilə biz cəmiyyət üçün vacib olan bir çağırış edirik. Bu çağırış ondan ibarətdir ki, incəsənət və idman bir arada olub cəmiyyətə öz töhfələrini verə bilər. Bugünkü sərgidə sənət və idmandan əlavə bir də bütün insanların sevdiyi şokolad məfhumu var. Üç həftə ərzində bütün dünyanın gözü Azərbaycanda olacaq və bu günlər ərəfəsində Azərbaycan özünü dünyaya sübut etmək imkanı əldə edəcək. Çox şadam kİ, Azərbaycan üçün əlamətdar olan bu günlərdə mən də Bakıdayam və bu hadisədə mənim də iştirakım oldu. Oyunların başlanmasına sayılı günlər qalıb və bu günlərdə həm sənət, həm də digər sahələrdə çalışanlar öz töhfələrini verməkdə davam edirlər".

Daha sonra qırmızı lent kəsildi və Bakı-2015 Avropa Oyunlarına həsr edilən əsər təqdim edildi. Müəllif yaradılan şəraitə görə və sərgiyə qatılan hər kəsə təşəkkürünü bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti