Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Elçin Mehdiyev/
"Bütün bu hərəkətlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı "Platform London" təşkilatının BP şirkətinin Londondakı baş ofisi qarşısında etiraz aksiyası keçirmək planına münasibət bildirərkən deyib.
M.Qasımlı qeyd edib ki, bu fəaliyyətlərin konkret səbəbləri var: "Həmin dairələrin arxasında erməni lobbisi, erməni dasporu və Azərbaycanın inkişafını gözləri götürməyən qrupların fəaliyyəti dayanır".
M.Qasımlı bildirib ki, bəzi qruplar Azərbaycanın ilk Avropa Oyunlarını keçirməsini həzm edə bilmirlər: "Onlar başa düşürlər ki, bu Oyunları ən yaxşı şəkildə keçirən Azərbaycanın mövqeləri möhkəmlənəcək, onun haqqında indiyə qədər söylənənlərin iftira olduğu üzə çıxacaq".
Millət vəkili hesab edir ki, bu kampaniyalar heç bir nəticə verməyəcək, Azərbaycan Oyunları ən yüksək səviyyədə keçirəcək.
Qeyd edək ki, "Platform London"un "BP-yə qarşı etirazının" səbəbi BP şirkətinin I Avropa Oyunlarının sponsorları sırasında durmasıdır.