...

Samboçularımız Avropa Oyunlarını 4 gümüş medalla başa vurdular (ƏLAVƏ OLUNUB-4) (FOTO)

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 22:07 (UTC +04:00)
Qadın samboçumuz Avropa Oyunlarının gümüş medalını qazanıb.
Samboçularımız Avropa Oyunlarını 4 gümüş medalla başa vurdular (ƏLAVƏ OLUNUB-4) (FOTO)

Yeni nəticələr əlavə olunub (ilk xəbər saat 19:17-də yayılıb)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İlkin İzzət/

Qadın samboçumuz Avropa Oyunlarının gümüş medalını qazanıb.

Trend xəbər verir ki, bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında qadın samboçularımızdan 52 kq-dək çəki dərəcəsində çıxış edən Nəzakət Xəlilova qızıl medal uğrunda final görüşündə Rusiya samboçusu Anna Xaritonova ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada samboçumuz Rusiya təmsilçisinə ciddi müqavimət göstərsə də, A.Xaritonova daha güclü olduğunu sübut edib və vaxtından əvvəl tam üstünlüklə qalib gəlib. N.Xəlilova isə Avropa Oyunlarının gümüş medalını qazanıb.

X X X

Azərbaycan samboçusu İslam Qasımov Avropa Oyunlarının gümüş medalını qazanıb.

Trend xəbər verir ki, bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarında Azərbaycanı 57 kq-dək çəki dərəcəsində təmsil edən İ.Qasımov finalda qızıl medal uğrunda görüşdə Rusiya samboçusu Aymergen Atkulovla üzləşib.

Güclü rəqibi ilə gərgin mübarizə şəraitində keçən döyüşdə İ.Qasımov layiqli müqavimət göstərsə də, məğlub olub. Belə ki, rusiyalı idmançı ağrıdıcı fənd tətbiq edərək İslamı vaxtından əvvəl məğlub olmağa məcbur edib. Nəticədə İ.Qasımov Avropa Oyunlarının gümüş mükafatı ilə kifayətlənməli olub.

X X X

Samboçumuz Şahanə Hüseynova bürünc medal uğrunda görüşdə məğlub.

Trend xəbər verir ki, bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarında Azərbaycanı 60 kq-dək çəkidə təmsil edən Ş.Hüseynova 3-cü yer uğrunda görüşdə Belarus təmsilçisi Katsiarina Prakapenka ilə üz-üzə gəlib.

Görüş cəmi bir neçə saniyə davam edib. Belarus təmsilçisi vaxtından əvvəl qalib gələrək bürünc medala sahib olub.

X X X

Azərbaycan samboçusu Amil Qasımov da Avropa Oyunlarının gümüş medalını qazanıb.

Trend xəbər verir ki, bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarında Azərbaycanı kişi samboçuların 74 kq-dək çəki dərəcəsində təmsil edən A.Qasımov Avropa Oyunlarının qızıl medalı uğrunda final görüşündə Belarus təmsilçisi Stepan Papovla münasibətlərə aydınlıq gətirib.

Çətin və gərgin şəraitdə keçən görüşdə A.Qasımov rəqibi ilə demək olar ki, bərabər mübarizə aparsa da, ani bir səhv görüşün taleyini həll edib. Belarus samboçusu ağrıdıcı fənd tətbiq etməklə təmsilçimizə qalib gəlib. A.Qasımov isə Avropa Oyunlarının gümüş medalına layiq görülüb.

Qalibiyyətindən sonra S.Papov təmsilçimizi hörmət əlaməti olaraq onu meydanda çiyinləri üzərində daşıyıb.

X X X

Daha bir samboçumuz bürünc medalı əldən verdi.

Trend xəbər verir ki, bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçirilən kişi samboçuların yarışında Azərbaycanı 90 kq-dək çəkidə təmsil edən Kənan Qasımov bürünc medal uğrunda görüşdə Gürcüstan idmançısı Davit Karbelaşvili ilə qarşılaşıb.

Qarşılaşma gərgin mübarizə şəraitində keçib. Görüş ərzində hesabda iki dəfə önə çıxmasına baxmayaraq, səhvləri üzündən edilən xəbərdarlıqlar səbəbindən Kənanın xalları silinib. Nəticədə hakimlərin rəyinə əsasən 1:1 hesabı ilə başa çatan görüşün qalibi gürcü samboçu Davit Karbelaşvili olub.

X X X

Bu gün bürünc medal uğrunda görşə çıxan bütün samboçularımız məğlub olub.

Trend xəbər verir ki, bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarında Azərbaycanı 68 kq-dək çəki dərəcəsində təmsil edən Nərminə Əlizadə bürünc medal uğrunda Fransa təmsilçisi Selin Konde ilə qarşılaşıb.

Təmsilçimiz rəqibinə cəmi bir neçə saniyə tab gətirə bilib. S.Konde saxlama fəndi ilə samboçumuza vaxtından əvvəl qalib gələrək Avropa Oyunlarının bürünc mükafatçısı olub.

X X X

Samboçularımız Avropa Oyunlarını 4 gümüş medalla başa vurdular.

Trend xəbər verir ki, bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarında Azərbaycanı ən ağır çəkidə (+100 kq) təmsil edən Vasif Səfərbəyov finalda Rusiya samboçusu Artyom Osipenko qarşılaşıb.

Sambonun vətəni sayılan Rusiyanı təmsil edən A.Osipenko idmançımıza heç bir şans verməyib. O, vaxtından əvvəl - 8:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarının çempionu olub. V.Səfərbəyov isə gümüş medalla kifayətlənməli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti