...

"Ələddinin sehrli çırağı" - 45 il! Dahi Azərbaycan "vəziri" Hüseynağa Sadıqov (FOTO)

Mədəniyyət Materials 11 Fevral 2011 17:22 (UTC +04:00)
"Mübarək, sən nə üçün bardağa girmisən?" "Günəşin işıq üzünü örtən uca yaradan!", “Demək lazımdır ki, Budur Bağdadda olmayıb və bütün bunları yuxuda görüb..." – "Ələddinin sehrli çırağı" filmindən dahi vəzirin bu zərbi-məsəlləri ekrana çıxdıqdan sonra gündəlik dildə yer alıb.
"Ələddinin sehrli çırağı" - 45 il! Dahi Azərbaycan "vəziri" Hüseynağa Sadıqov (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir V.İmanov/

"Mübarək, sən nə üçün bardağa girmisən?" "Günəşin işıq üzünü örtən uca yaradan!", "Demək lazımdır ki, Budur Bağdadda olmayıb və bütün bunları yuxuda görüb..." - "Ələddinin sehrli çırağı" filmindən dahi vəzirin bu zərbi-məsəlləri ekrana çıxdıqdan sonra gündəlik dildə yer alıb.

Bu il Boris Rıtsarevin "Min bir gecə" toplusundakı nağılların  motivləri əsasında çəkdiyi, hamının sevimlisi olan və böyük Azərbaycan aktyoru Hüseynağa Sadıqovun baş vəzir rolunu oynadığı "Ələddinin sehrli çırağı" kinofilminin 45 ili tamam olur.

Trend-in oxucularının diqqətinə Azərbaycanın xalq artisti Hüseynağa Sadıqovun qızı, 1966-cı ildə Sevastopolda filmin çəkilişlərində atası ilə birgə iştirak edən Tamilla xanımla müsahibəni çatdırırıq. Onda qızın 10 yaşı var idi...

- Yayda çəkilişlər Sevastopolda aparılırdı və biz ailəvi orada yaşayırdıq. Sevastopolda Bağdad şəhərinin çox gözəl dekorasiyaları qurulmuşdu. Mən çəkiliş prosesinin şahidi olan yeganə uşaq idim. Mənim üçün çox maraqlı idi və bütün aktyorlar məni çox istəyirdilər. Təəssüratlar isə çoxdur. Və rejissor Boris Rıtsarevin daim atamla məsləhətləşməsi mənə çox xoş idi. Filmdə çoxlu gürcü və rus aktyorlar var idi, lakin "Şərq üzrə mütəxəssis" təbii ki, Şərq mədəniyyətinin incəliklərini yaxşı bilən atam oldu. Boris məsələn, səhnəni necə qurmaq, şahzadə qız Budur və Ələddin, sultan və vəzirlər və sairin özünü necə aparması barədə atamdan soruşurdu. Və nəinki o, hətta Sultanın məsləhətçisi rolunu oynayan məşhur aktyor Georgi Millyar atamla məsləhətləşirdi. Bu filmdən sonra onlar dostlaşmışdılar. Adətən çəkilişlərə qədər məşqlər gedirdi, lakin atam da digər aktyorlar kimi çəkiliş zamanı improvizasiya edirdi. Hətta bu, yaradıcılıq yarışına çevrilmişdi - kim daha yaxşı improvizasiya edəcək. Və heç kim bir-birinə güzəştə getmək istəmirdi. Boris Rıtsarev hətta onları buna həvəsləndirirdi.

-Həmin dövrlərdə Azərbaycan aktyorları respublika hüdudlarından kənarda çox az çəkilirdilər. Şübhəsiz ki, Hüseynağa Sadıqov Azərbaycanda çox məşhur idi, lakin "Ələddinin sehrli çırağı"dan sonra ümumittifaq üzrə tanındı. Onu bu rola necə dəvət ediblər?

- Atam tez-tez "Mosfilm" və M.Qorki adına studiyanın filmlərini səsləndirirdi, buna görə də rejissorlar onu çox yaxşı tanıyırdılar. Həmin dövrlərdə filmlərin dublyajına çox ciddi tələblər qoymuşdular, səs qəhrəmanın xarakterini ifadə edtməli idi. Moskvada bunu görən Rıtsarev atamı filmdə rol almağa dəvət etdi. Həmin dövrdə Vasili Merkurev, Yuri Nikulin, Sergey Filippov Bakıya gəlmişdilər və atamla dostluq edirdilər, bizdə qonaq da olmuşdular. Xatırlayıram ki, bir dəfə bizim evə Vasili gəlmişdi və öz boyu, maləhəti və zarafatları ilə qeyri-adi atmosfer yaradaraq, sözün tam mənasında evimizin boşluğunu doldururdu. Atamı tez-tez Moskvaya dəvət edirdilər, lakin o, imtina edirdi. Çünki, onun fikrincə, bəzi rus sözlərini yaxşı tələffüz edə bilmirdi, aksentlə danışırdı. Halbuki oxumağı və danışmağı çox gözəl bacarırdı. Hətta "Ələddinin sehrli çırağı" filmində öz rolunu dublyaj etmək istəmirdi və bunu Rıtsarevin təkidi ilə etdi. SSRİ-də uşaq opera teatrının banisi Tatyana Saç ittifaq respublikalarından uşaq teatrlarının yaradıcı insanlarının assosiasiyasını yaradanda Rusiya və Ukraynanın nümayəndələrindən başqa bu assosiasiyanın üzvü yalnız atam olub. Onlar sosialist birliyi ölkələrinə gedirdilər və münsif kimi çıxış edirdilər. Atam müxtəlif ölkə və respublikalara səfər edib, lakin sonda yenə də doğma Bakıya qayıdıb.

-Bəs niyə siz və yaxud oğlunuz atanızın yaradıcılığını davam etdirməmisiniz?

- Mən BDU-nun filologiya fakültəsini bitirdikdən sonra Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda ali ssenari kurslarına daxil olmaq istəyirdim. Sənədlərimi kinostudiyaya Vaqif Səmədoğluna gətirdim, lakin atam bunu biləndə sənədləri geri qaytardı və dedi ki, mən bu sahədə heç nə edə bilmərəm. Aktyorluq çox ağır sənətdir, çünki bütün rolları aktyor öz ürəyindən keçirərək ifa edir. Diqqət yetirin, aktyorların çoxu məhz ürək xəstəliyindən dünyasını dəyişir. Atamı epizodik rolların ustası adlandırırdılar, çünki tamaşaçının yadında qalmaq üçün bu rolları oynamaq baş roldan daha çətindir. Məsələn, "Ad günü", "Sehrli xalat" və yaxud "Yenilməz batalyon" filmini xatırlayın.

- Amma onun ən yadda qalan rolları "Alma almaya bənzər" və "Babamızın babasının babası" filmlərindəki obrazlardır. Onun kino və ya teatrda oynadığı yüzə yaxın rolların içərisində ən sevimli rolu hansı idi?

- Teatrda ən sevimli rolu "Anacan" tamaşasındakı quldur Səlim rolu olub, bu tamaşanın sonunda o, düzgün yola qayıdır. Bu onun üçün daha çətin rol idi və bu tamaşa çox sevilirdi. Həmçinin "İki ağanın qulluqçuları" tamaşasından Truffaldino rolu. "Komsomol poeması"ndakı Mirpaşa roluna görə atam Lenin komsomolu mükafatı ilə təltif olunub.

Atam doğma Gənc Tamaşaçılar Teatrına sadiq idi və 1931-ci ildən (doğum günü 21 mart, 1914-cü il, ölüm tarixi 23 fevral 1983-cü il) ömrünün sonuna qədər onun səhnəsində oynayıb. Hətta Böyük Vətən Müharibəsi illərində cəbhədə fasilə dövründə əsgərləri toplayaraq müxtəlif tamaşalar qururmuş. Atam iki dəfə ağır yaralanıb, lakin Berlinə qədər gedib çıxıb və cəbhədən "Qızıl ulduz" ordeni ilə qayıdıb.

O, hər bir film və verilişə ürəyini qoyub. Atamın çox gözəl yaddaşı var idi və o mətnin bir səhifəsini oxuyan kimi artıq onu əzbər bilirdi. Öz işinə çox məsuliyyətlə yanaşırdı, xüsusən də uşaq verilişlərinə. Atamın son dərəcə xoş aurası və çox gözəl səs tembri var idi, o, nağıllar söyləyəndə uşaqlar diqqətlə qulaq asırdılar. Evimizə torbalarla məktublar gəlirdi, inanın ki, onların hansınınsa diqqətsiz qalması qeyri-mümkün idi. Atam həmişə verilişlərdə uşaqların adlarını sadalayır və onların məktublarından frazalar işlədirdi. Şəhərə çıxanda isə hamı, xüsusilə də uşaqlar dərhal onu dövrəyə alırdılar. Biz o vaxtkı Tibb İnstitutunun yaxınlığında yaşayırdıq və atam işə piyada getməli olurdu, çünki taksi sürücüləri ondan pul almırdılar, trolleybusa minəndə isə hətta sürücü marşrutu saxlayırdı ki, onunla söhbət etsin. Və atam pul yığıb maşın almalı oldu.

- Uşaqlar Hüseynağa Sadıqovu həqiqətən şox sevirdilər. Yaşlı nəsil onun obrazlarını daha yaxşı xatırlayır - 60-70-ci illərdə bu, radioda Xoruz Baba və televiziyada Piri Baba obrazları idi. Bəs o ailədə necə idi? Sizə nağıllar danışırdımı?

- (gülür) Yalnız onlara radioda qulaq asmalı olurdum. Evdə atam çox sakit və səssiz, lakin eyni zamanda əsl ev sahibi idi. Səliqə-səhmanı çox sevirdi. Onun işləri çox olurdu - səhər məşqləri, dublyaj, radio və televiziyada iş, axşam tamaşaları, çəkilişlər və s. Buna görə də evdə onun sakitliyini qorumağa çalışırdıq. Mən ailədə yeganə uşaq olmuşam və o, mənim xoşbəxtliyim üçün bütün ürəyini qoyub. Onun sayəsində kino və teatrı yüksək incəsənət kimi sevməyə başladım. Düzünü desəm, bu gün elə aktyorlar var ki, onlar yalnız insanların zövqünü və dünyagörüşünü korlayırlar. Əlbəttə ki, ailədə tərbiyə çox vacibdir, özüm nənəyəm və görürəm ki, nəvələrim özlərini televiziya və kino qəhrəmanlarına necə bənzətmək istəyirlər. Atamın sözlərini xatırlayıram: "Mən fəxr edirəm ki, aktyor olmuşam və ona görə də gecələr rahat yatıram. Həyatda sahib olduğum hər şeyi çox çətinlik və ağır zəhmətlə qazanmışam. Teatr, kino və kitablar insanı tərbiyə edir. Kitab oxuyursan və əsərin qəhrəmanlarını, hadisələri təsəvvürünə gətitirsən, daha sonra ekranda və səhnədə görəndə özünü qəhrəmanlara bənzədirsən və dünyaya onların gözü ilə baxırsan. Aktyorlar insanlara mədəniyyəti aşılamalıdırlar.

Xəbər lenti

Xəbər lenti