...

Məni əsəbiləşdirən jurnalistə "can, qadan alım" deməliyəm? - müğənni Nüşabə Ələsgərli

Mədəniyyət Materials 28 Fevral 2011 18:05 (UTC +04:00)
Dünən axşam saatlarında paytaxtın mərkəzi küçələrinin birində Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi reyd zamanı populyar Azərbaycan estrada müğənnisi Nüşabə Ələsgərlinin sürücüsü ilə birgə polis və reyddə iştirak edən jurnalistləri təhqir etdiyi barədə xəbərlər KİV-də sürətlə yayılır.
Məni əsəbiləşdirən jurnalistə "can, qadan alım" deməliyəm? - müğənni Nüşabə Ələsgərli

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir Ş.Cavadsoy/

Dünən axşam saatlarında paytaxtın mərkəzi küçələrinin birində Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi reyd zamanı populyar Azərbaycan estrada müğənnisi Nüşabə Ələsgərlinin sürücüsü ilə birgə polis və reyddə iştirak edən jurnalistləri təhqir etdiyi barədə xəbərlər KİV-də sürətlə yayılır.

Trend-ə açıqlama verən müğənni baş verən hadisə ilə bağlı özündə zərrə qədər də günah görmədiyini diqqətə çatdırdı. "Mən məgər hüquqlarımı bilmirəm? Əgər polislə aramızda münaqişə yaransaydı, məni cəzalandırardılar, yazılanlar kimi, təhqir etsəydim, bölməyə aparardılar. Əksinə, mən reyddə iştirak edən jurnalistləri məhkəməyə verməyə hazırlaşıram. Qoy ortaya sübut qoysunlar ki, mən polisi necə təhqir etmişəm. Vətəndaş kimi hüququmdur ki, jurnalistdən jurnalistliyini təsdiqləyən vəsiqəsinin olub-olmadığını soruşum və görüm. Bəlkə heç jurnalist deyildilər. Mən yol polisinin səsgücləndirici ilə "sağa verib, saxlayın" sözlərini eşidən kimi sürücümə dedim ki, avtomobili saxlasın. Heç bilmirdim bizi nə üçün saxlamışdılar. Qanuna görə qayda pozuntusu edən sürücünün qeydiyyatda olduğu evinə xəbərdarlıq məktubu göndərilir və o, cəriməsini ödəyir. Mən axı avtomobillə adam vurub öldürməmişəm. Və ya sərxoş vəziyyətdə sükan arxasında əyləşməmişəm. Allah göstərməsin, əxlaqsız qadın deyiləm ki, dilimdən polisi təhqir edən ifadələr çıxsın. Sadəcə, xaraktercə bir az səbrsizəm. İki jurnalist var idi reyddə. İkisi də gənc oğlanlar idi. Biri normal danışırdı, ikinci jurnalist isə məni "provakasiya"ya sürükləyirdi ki, mən onu ya təhqir edim, ya da başqa addım atım. Jurnalistə "küçük" deməmişəm, ağzımdan "düdük" sözü çıxıb. Yəni uşaqsan, get uşaqlığını et. "Məni şərləmək üçün çalışma" sözlərini demişəm. Sual edirəm, o jurnalistlərə əgər cinayət tərkibli hansısa əməl etsəydim, indi sizin suallarınızı sərbəst şəkildə cavablandıra bilərdim? Özünü jurnalist hesab edən həmin şəxs mənə deyir ki, "siz mətbuatın "şotu"na müğənni olmusunuz". Bu nə danışıq tərzidir. Demək, mən evdə bozbaş bişirən qadın olmuşam, mətbuat gəlib gecə-gündüz məndən yazı yazıb və evdar qadını populyar edib?" - müğənni belə dedi.

Nüşabə xanımın diqqətinə çatdırdıq ki, həqiqətən nəinki müğənnilərin, bütün sənət adamlarının tanınmasında KİV-in çox böyük xidməti var. Fikrimizlə razılaşan Ələsgərli daha bir maraqlı açıqlamaya imza atdı. "Əgər jurnalist biz müğənnilərdən yazı yazırsa, bunun müqabilində əməkhaqqı kimi qonorar da alır. Misal üçün, qonşuluğumuzda Xeyransa xala var, gedib ondan da yazsınlar da. Axı, Xeyransa xala haqqında yazılan yazı, heç kimə maraqlı olmayacaq. Sən niyə müğənnini əksiltməyə çalışırsan ki, "jurnalistlərin hesabına tanınmısan". Birincisi, Allah-Təalanın mənə verdiyi istedada güvənib, sənətimdə bu yerə qədər yüksəlib tanınmışam. İkincisi, zəhmət çəkmişəm. Zəhmətimin müqabilidir ki, hansısa jurnalist mənə zəng edib, müsahibə götürməyini istəyir. Jurnalistlərlə də çox gözəl münasibətim var. Hər iki peşə bir-birinə bağlıdır haradasa. Savadlı, normal jurnalist heç bu sözü müğənniyə deməz ki, "sizi biz populyar etmişik". Avtomatik olaraq ikinci sual gəlir. Onda sənin nə marağın var mənim populyar olmağımda? Bəlkə, məni əsəbiləşdirən o jurnalistə "can, qadan alım" deməliydim? Bəs, nə üçün ikinci jurnalistə bir kəlmə də olsun, heç nə deməmişəm? Çünki, o, özünü jurnalist kimi aparırdı... Üstümə elə hücum çəkirdi ki, sanki oğrunu, canini yaxalamışdı. Yol polisi bir kənarda qalmışdı. Sürücüm ondan soruşur ki, hansı mətbuat orqanında işləyir, ona da əl-qol atırdı ki, dava düşsün, xeyrinə işləsin. Bunu da mobil telefonuna çəkirdi", - Nüşabə Ələsgərli əlavə etdi.

Adının antireklamda hallanmasına qarşı çıxan müğənni adlarını bilmədiyi jurnalistlərlə barışmaq ehtimalının da olduğunu gizlətmədi. "Onlar şikayət edəcəklərsə, mən də onlardan betər öz hüquqlarımın müdafiəsinə qalxacağam. Mən axı, durduğum yerdə, nəyə görəsə jurnalistə söz deməliyəm? Əgər şikayət etməsələr, mən də olub keçənlərin üstündən keçərəm. Mənim əsəblərimin gərilməsinin, keçirdiyim stressin cəzasını kim ödəyəcək?" - Ələsgərli dedi.

Trend-ə açıqlamasında məsələdən xəbərdar olduğunu diqqətə çatdıran Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi bildirdi ki, həqiqətən də ötən gün paytaxtda 6 jurnalistin iştirakı ilə yol polisi əməkdaşları reyd keçiriblər. "Bizə məlumat daxil olmayıb ki, sürücü Nüşabə Ələsgərli ilə polis əməkdaşları arasında insident yaşanıb. Əgər, yazıldığı kimi, Nüşabə xanım yol hərəkəti qaydalarını pozsaydı, o, mütləq cərimə ediləcəkdi. Müğənni ilə reyddə iştirak edən jurnalistlər arasında insidet yaşanıbsa, bunun da qanunauyğun şəkildə həll edilmə yolları var", - Vaqif Əsədov bildirdi.

Xəbər lenti

Xəbər lenti