Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın xalq artistini bıçaqlamaqda ittiham olunan şəxslərə 9 il 1 ay cəza verilib.
Trend-in məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Ağayevi bıçaqlamaqda ittiham olunan şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Rüfət Məlikov 8 il, Seymur Məmmədov 6 ay, Natəvan Şərifova isə 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Şərifovanın azyaşlı uşaqlarının olması nəzərə alınaraq, barəsindəki hökm uşaqları səkkiz yaşına çatana qədər təxirə salınıb.
Ötən il sentyabrın 27-də səhər saatlarında, Bakının Nəsimi rayonu ərazisində, əvvəllər "Kubinka" adlanan yerdə xalq artisti Faiq Ağayevin özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi yaranıb. Mübahisə sonradan münaqişəyə çevrilib. Nəticədə Ağayev və onun yanında olan iki nəfər çoxsaylı bıçaq xəsarətləri alıb.
Məlikov Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), Məmmədov isə 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Hadisənin digər iştirakçısı Natəvan Şərifova CM-nin 221.3-cü maddəsi ilə ittiham olunur.