...

Türkiyə müğənnisi Seniha bakılılardan dəstək gözləyir (FOTO)

Mədəniyyət Materials 5 Oktyabr 2011 18:28 (UTC +04:00)
Çox yaxın günlərdə Seniha da Bakıya təşrif buyuracaq türkiyəli müğənnilər sırasına öz adını yazdıracaq.
Türkiyə müğənnisi Seniha bakılılardan dəstək gözləyir (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Çox yaxın günlərdə Seniha da Bakıya təşrif buyuracaq türkiyəli müğənnilər sırasına öz adını yazdıracaq. Trend xəbər verir ki, bu, Türkiyənin "Akkaya production" şirkəti ilə yaradıcılıq əməkdaşı quran Senihanın şəhərimizə ilk gəlişidir. Şəhər restoranlarının birində (Xəzər dənizinin sahilində) baş tutacaq konsertin təşkilatçısı isə prodüser Roland Bayramovdur. 7-8 oktyabrda, davamlı olaraq iki gün səhnəyə çıxacaq müğənni ümimilikdə dörd gün Azərbaycanda qalacaq.

Trend-ın əməkdaşı sonuncu dəfə İstanbulda olarkən Seniha ilə görüşüb və müğənni Bakıya olan sevgisindən danışıb. "Daim bir millət, iki dövlət devizinə sadiq qaldığımız üçün hesab etmirəm ki, hansısa xarici bir dövlətdə səhnəyə çıxacağam. Bakını görmək uşaqlıq arzumdur. Hələ o vaxtlar Azəri Günel İstanbula yeni gələndə şəhərinizin gözəlliyindən məmnunluqla danışırdı. Günelin yaradıcılığı ilə yaxından tanış olduğum üçün Azərbaycan musiqisinin zəngin olması barədə yetərincə məlumatım var. Çalışacağam ki, Azərbaycanda verəcəyim ilk konsertdə sizin bəstəkarların əsərlərindən də bir neçəsini ifa edim. Bakılıların konsertimdə iştirak edib məni dəstəkləyəcəklərinə inanıram", - Seniha belə dedi.

Tanınmış türkiyəli prodüser Ahmet Akkaya ilə birlikdə sabah paytaxtımıza gələcək Senihanın ardınca digər türk müğənnisi Ozan Orhon 14-15 oktyabr tarixlərində eyni restoranın səhnəsində konsert proqramı ilə çıxış edəcək. Sözügedən müğənnilərin Azərbaycan tamaşaçılarına tanıdılmasında bir dost kimi Azərbaycanda televiziya layihələri hazırlayan prodüser Kemal Cenk İçtenin də yetərincə zəhməti var.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti