...

Yubileyini qeyd edən Günel Gözəlova: "Ölümə qalib gəlmək üçün efirə çıxıram"

Mədəniyyət Materials 6 Avqust 2012 18:22 (UTC +04:00)
Bu gün Azərbaycanın populyar televiziya aparıcısı Günel Gözəlova 30 illik yubileyini qeyd edir. Bakı Dövlət Universitetinin məzunu erkən yaşlarından özünü televiziyaya həsr edib. O, 17 yaşından televiziyada işləyir.
Yubileyini qeyd edən Günel Gözəlova: "Ölümə qalib gəlmək üçün efirə çıxıram"

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir V.İmanov/

Bu gün Azərbaycanın populyar televiziya aparıcısı Günel Gözəlova 30 illik yubileyini qeyd edir. Bakı Dövlət Universitetinin məzunu erkən yaşlarından özünü televiziyaya həsr edib. O, 17 yaşından televiziyada işləyir. Bunun üç ili AzTV-də, qalan 9 ili isə Lider TV-də olub. Günel Gözəlova hər iki telekanalda yalnız xəbərlər verilişinin aparıcısı kimi efirə çıxıb. Hazırda gündəlik "Səda" xəbərlər informasiya proqramının aparıcısıdır.

"Həyatımı televiziyasız təsəvvür edə bilmirəm, peşəmi çox sevirəm. Pula və şöhrətə görə bu peşəni seçməmişəm. Yalnız qızım anadan olanda və son vaxtlar ağır xəstəlik səbəbindən iki ay efirdə olmamışam. Hələlik həkimlər mənə efirə çıxmağa qadağa qoyurlar, lakin buna rəğmən, mən ölümə qalib gəlmək üçün efirə çıxıram. Yadımdadır ki, 16 yaşım olanda hisslərim mənə deyirdi ki, 30 yaşınadək yaşaya bilməyəcəyəm və bu barədə valideynlərimə danışdım. Yubileyim ərəfəsində bu ağır xəstəliyə tutuldum, valideynlərim çox qorxdu, lakin hazırda bu qorxulu məqamı geridə qoymuşam. Mən bu gün istirahət götürə və bayramı ailəmlə birlikdə keçirə bilərdim, lakin hər şeyə rəğmən, saat 19:00-da efirə çıxacağam", - Günel Gözəlova Trend-ə bildirib.

Günelin sözlərinə görə, müasir televiziyanın xüsusiyyətləri bunlardır: çox kanalın olması, televiziya ünsiyyətinin müxtəlif üsullarından istifadə, televiziya proqramlarının janr müxtəlifliyi, ən qeyri-adi layihələrin yaradıcılıq təcəssümünün imkanları, çox sayda ifadəli vasitələrin mövcudluğu və onları həyata keçirmək üsulları. Lakin bütün bunlara baxmayaraq, hələ də tamaşaçının bu və ya digər proqrama marağı böyük ölçüdə televiziya aparıcısının şəxsi cazibəsi sayəsində müəyyənləşir.

"Xəbərlər verilişinin aparıcısı tamaşaçıları təkcə xəbərlər və digər informasiya ilə tanış etmir, həm də diqqəti əhəmiyyətli təfərrüatlara cəmləşdirir, intonasiya ilə ifadə edir. Müasir televiziya aparıcısı necə olmalıdır? Bu, konkret cavab verməyin asan olmadığı çətin sualdır. Birincisi, əsl aparıcının geniş dünyagörüşü olmalıdır. Bundan başqa, o, hazırcavab olmalıdır. Bu keyfiyyət efirdə yarana biləcək istənilən hadisə, hətta fövqəladə hadisə ilə bacarmağa kömək edir. Yaxşı aparıcı olmaq üçün xarici görünüşə və nitq texnikasına böyük diqqət vermək lazımdır", - Günel əlavə edib.

Xəbər lenti

Xəbər lenti