Azərbaycan, Bakı, 21 yanvar /Trend/
YARAT Müasir İncəsənət Məkanı və Luçiano Benetton Fondu arasında miniatür əsərlər layihəsi üzrə əməkdaşlıq 2012-ci ildən başlanmışdır.
Trend-in məlumatına görə, nəticədə yaranan kolleksiyaya Azərbaycandan olan 137 müasir rəssamın 10x12 sm ölçüdə kətan üzərində öz unikal üslub və texnikaları ilə ərsəyə gətirdikləri əsərlər daxildir.
Ayrı-ayrı mənbələrdən ilhamlanmış rəssamlar bu əsərlərdə müxtəlif texnikalardan istifadə etdilər. Bəziləri təcrübə aparmağa can atdıqları halda, digərləri milli təsviri sənət ənənələrinə sadiq qaldılar. Eyni zamanda, onların hər biri sənət yaratmaqla əsl sevinc yaşamış oldu.
Həmin sənət işlərinin fotoşəkilləri və rəssamların qısa tərcümeyi-hallarından ibarət xüsusi toplu "Külək və Atəşin Rəngləri" adlı kitab şəklində bu yaxınlarda dərc edilmişdir.
"Azərbaycan: Külək və atəşin rəngləri" bir İmaqo Mundi kolleksiyası olmaqla, Luçiano Benetton tərəfindən dünyanın müxtəlif müasir incəsənət nümunələrini mümkün qədər geniş şəkildə əks etdirmək məqsədilə irəli sürülən mədəni, demoqrafik, qlobal və qeyri-kommersiya layihəsidir.
Bu layihədə hər bir ölkə yeganə məhdudiyyəti 10x12 sm-lik format olan, maksimal şəkildə özünüifadə azadlığı verilmiş məşhur və tanınmaqda olan rəssamlarının əsərləri ilə təmsil edilib.
Bizim kolleksiyamız görkəmli (Fuad Salayev, Altay Sadıqzadə, Məmməd Mustafayev, Sakit Məmmədov və s.) və gənc, tanınmaqda olan rəssamların (Vüsal Rəhim, Ramal Kazımov, Afət Bağırova) sənət nümunələrini bir araya gətirmək üçün vasitədir.
Hal-hazırda İmaqo Mundi kolleksiyasında 20-yə qədər ölkə (Rusiyadan Amerika Birləşmiş Ştatları, Avstraliya, Cənubi Koreya, Hindistana qədər, Çili və Braziliya kimi bir neçə Latın Amerikası ölkəsi, eləcə də Seneqal, Keniya, Tanzaniya və Zənzibar da daxil olmaqla, Afrika ölkələri və s.) təmsil edilmişdir.
Layihəyə 2016-cı ilə qədər 60-a yaxın ölkəni təmsil edən 10 000-dən çox rəssamın cəlb edilməsi nəzərdə tutulmuşdur.
Məqsəd kolleksiyaları dünyanın bir çox yerlərində nümayiş etdirməklə sərgilər, kataloqlar və internet-portallar vasitəsilə bu müxtəlif incəsənət nümunələrini mümkün qədər çox insana çatdırmaq və bunu, misal üçün, İmaqo Mundi layihəsinin 2013-cü ilin avqustunda debütlə çıxış etdiyi Venesiya İncəsənət Biennalesi kimi ictimai muzey və fərdi qurumlarla birgə əməkdaşlıq çərçivəsində etməkdir.