...

"Nuh əyyamından qalmış avadanlıqlarla hansı keyfiyyətli filmdən danışmaq olar?"

Mədəniyyət Materials 24 Sentyabr 2014 16:03 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Kinematoqrafiya haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd Azərbaycan kinosunun, kinematoqrafiyasının inkişaf etdirilməsini nəzərdə tutur.
"Nuh əyyamından qalmış avadanlıqlarla hansı keyfiyyətli filmdən danışmaq olar?"

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlkin İzzət/

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Kinematoqrafiya haqqında" qanuna əlavə və dəyişikliklər haqqında" qanun layihəsi hazırlanıb. Sənəd Azərbaycan kinosunun, kinematoqrafiyasının inkişaf etdirilməsini nəzərdə tutur. Trend xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, yeni qanun layihəsində daha çox kino sənətinin, kinematoqrafiyanın texnoloji tərəflərinin və texnoloji imkanlarının yaxşılaşdırılmasını nəzərdə tutan məqamlar öz əksini tapır: "Azərbaycan kinosunun inkişafı üçün istedadla, Allah vergisi ilə yanaşı, onun texniki avadanlıqlarının, texnologiyasının müasir standartlara cavab verməsi də vacib şərtdir. Bu baxımdan kinonun, kinematoqrafiyanın, xüsusilə, onun texniki avadanlıqlarının vergilərdən, gömrük rüsumundan azad edilməsi məsələsi təklif olunur. Təbii ki, istər Vergilər Nazirliyi, istərsə də Dövlət Gömrük Komitəsi bundan imtina edəcəklər, çünki onların belə səlahiyyətləri var. Amma biz həmin qurumları, Azərbaycan hökumətini bütün bunların Azərbaycan kinosunun uğur qazanacağına gətirib-çıxaracağına inandıra bilsək, bu məsələnin müsbət həllinə, yeni qanunun işləməsinə nail ola bilərik".

N.Cəfərov qeyd edib ki, belə bir təcrübə bir sıra ölkələrdə var və onlar qısa müddət ərzində uğurlu nəticələr əldə ediblər.

İclasda iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, "Kinematoqrafiya haqqında" mövcud qanunun bir sıra müddəaları var ki, həmin müddəalar artıq köhnəlib və onların zamanın, dövrün reallıqlarına, tələblərinə uyğunlaşdırılması ehtiyacı yaranıb: "Bu həyatda heç nə əbədi deyil. Dəyişikliklər, yeniliklər mütləq olmalıdır. Eyni zamanda onu da deyim ki, son illər Azərbaycan kinosunda dinamikanın müsbətə dönüşünü görməliyik. Bunu görməmək mümkün deyil. Bununla belə hesab edirik ki, Azərbaycan kinosunun inkişafı, kino çəkilişi ilə bağlı texniki avadanlıqların dünya standartlarına çatdırılması üçün kinomuz mütləq bir sıra vergi növlərindən, gömrük rüsumundan azad olunmalıdır".

Nazir müavininin dediyinə görə, bu gün yaxşı film istehsal etmək üçün mütləq yüksək səviyyəli yeni texniki avadanlıqlara ehtiyac var: "Təəssüflər olsun ki, "Azərbaycanfilm" kinostudiyasındakı kameralar, texniki avadanlıqlar ötən əsrin 40-50-ci ilərindən qalıb, kinopavilyonlar Nuh əyyamından qalmadır. "Azərbaycanfilm" kinostudiyası ilə yanaşı, dövlətdən dotasiya alan digər 7 kinostudiya da bu gün kinolentlərini xaricdən almaq məcburiyyətindədirlər. Ancaq vergilərin, gömrük rüsumunun yüksək olmasına görə bunu edə bilmirlər. Keyfiyyətli film çəkmək üçünsə keyfiyyətli kinolentlərə ehtiyac var. Onları da ancaq ABŞ-dan, Almaniyadan, Yaponiyadan alıb gətirmək olar. Ancaq dediyim səbəblərdən bunları alıb gətirmək mümkün olmur".

O, qeyd edib ki, ümumiyyətlə, Azərbaycan kinosu vergilərlə o qədər yüklənir ki, artıq rentabellikdən çıxır: "Bu gün biz beynəlxalq festivallarda iştirak edirik, Azərbaycan kinosu beynəlxalq festivallarda nümayiş olunur. Ancaq bunların sayı azdır. Bunların sayının çox olması üçün xaricdən bura güclü aktyorların, rejissorların, orepatorların dəvət olunması da lazımdır və vacibdir. Ancaq Nuh əyyamından qalmış avadanlıqlarla hansı keyfiyyətli filmdən danışmaq olar və ya kim həmin avadanlıqlarla burada film çəkilişinə razı olar? Ona görə də bu baxımdan hesab edirik ki, ən azı 5 il, uzağı 10 il olmaq şərtilə Azərbaycan kinosu bir sıra vergilərdən, gömrük rüsumundan azad olunmalıdır. Biz demirik ki, bu 50 və ya 100 il müddətinə olsun, biz sadəcə istəyirik ki, Azərbaycan kinosunu ayağa qaldırmaq, onu dünya miqyasına layqli şəkildə çıxarmaq üçün ən azı 5-10 illiyinə vergilərdən, gömrük rüsumundan azad olunması nəzərdə tutulmalıdır. Bunsuz Azərbaycan kinosunun inkişafından danışmaq olmaz".

Sözügedən komitənin sədr müavini Rafael Hüseynov müzakirələrdə səsləndirilən fikirləri dəstəkləyərək, eyni zamanda, Azərbaycan kinosunun vəziyyətindən narazlığını bildirib: "Bu gün Azərbaycan kinosunun vəziyyətini futbolumuzun vəziyyəti ilə müqayisə etmək olar. Azərbaycan futbolu bu gün beynəlxalq idman arenasında nə vəziyyətdədirsə, kinomuz da o vəziyyətdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti