...

Avropanın ən yaxşı kollektivi Heydər Əliyev Mərkəzində Ştrausun ölməz əsərlərini təqdim etdi (FOTO)

Mədəniyyət Materials 27 Noyabr 2014 11:44 (UTC +04:00)
O, ailənin meşəyə səyahəti zamanı karetin cırıltısı, at dırnaqlarının tıqqıltısı və quşların civiltisi altında dünyaya gəldi.
Avropanın ən yaxşı kollektivi Heydər Əliyev Mərkəzində Ştrausun ölməz əsərlərini təqdim etdi (FOTO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir Vüqar İmanov/

O, ailənin meşəyə səyahəti zamanı karetin cırıltısı, at dırnaqlarının tıqqıltısı və quşların civiltisi altında dünyaya gəldi. Dahi Avstriya bəstəkarı, dirijoru və skripkaçısı İohann Ştrausun doğulması haqqında əfsanədə belə deyilir. Maraqlıdır ki, onun atası da tanınmış bəstəkar idi və onu da İohann Ştraus çağırırdılar. Həm də oğlan skripkada çalmağı atasından gizli öyrənirdi. Övladını bankir görmək istəyən ata oğlunu əlində skripka ilə görəndə qalmaqal salmışdı. Lakin musiqiyə sevgi ata qəzəbindən daha güclü oldu. Anasının köməyi ilə İohann gizlicə musiqi sahəsində təkmilləşməyi davam etdirərək zamanla öz nəslini məşhur etdi. Onun 4 qardaşından ikisi - Yozef və Eduard da məşhur bəstəkar oldular, lakin balaca Ştraus "valsın kralı" kimi şöhrət qazandı. O, bu janrda 160-dan çox əsər yaratdı, bir çox illər ərzində Vyana saray ballarının dirijoru oldu. Oğul İohann Ştrausun musiqisi öz cazibə və məlahətini itirmədiyi kimi, həqiqi incəsənət əsrlərlə öz dəyərini itirmir.

Azərbaycanın elitası, yaradıcı ziyalıları, mədəniyyət xadimləri və incəsənət nümayəndələri Vyana Ştraus Festival Orkestrinin Bakıda ilk dəfə konsert proqramı ilə çıxış etdiyi Heydər Əliyevin Mərkəzində bayram gecəsinə toplaşmışdı.

Vyana Ştraus Festival Orkestri yaradıcısı, dirijor və virtuoz skripkaçı Piter Qutun dəyişməz rəhbərliyi altında haqlı olaraq Avropanın ən yaxşı kollektivi hesab edilir. Bunu İohann Ştrausun və Vyana operettasının bir çox başqa nümayəndələrinin əsərlərinin çox gözəl və qeyri-standart interpretasiyalarının beynəlxalq səviyyədə tanınması təsdiq edir.

Vyananın həqiqi musiqi mədəniyyətinin qoruyucusu və Vyana musiqisinin əbədi gənc cazibəsi olan Vyana Ştraus Festival Orkestri "Mavi Dunay", "Vyana meşəsinin nağılları" kimi və bəstəkarın başqa şah əsərlərini tamaşaçılara təqdim etdi.

Dünya şöhrətli musiqiçilərin ustalığı, üsluba sadiqlik, səsin saflığı və gözəlliyi, Vyana lətafəti və musiqi yaradıcılığının sevinci hər bir çıxışı alqışlarla qarşılayan tamaşaçıları valeh etdi. Dirijor Piter Qut orkestri o qədər canlı, virtuoz və çılğın idarə edirdi ki, tamaşaçılar da onun təsiri altına düşməyə başlamışdılar və onda hamı zalda hər kəsin iştirak etdiyi böyük Musiqi ilə bir tam olurdu. Marqlıdır ki, Piter Qut bəzən, əsasını Ştraus ailəsinin qoyduğu Vyananın qədim ənənəsinə uyğun, yəni dirijor çubuğu əvəzinə skripka ilə dirijorluq edirdi. Bu virtuoz ələ Kral Filarmoniya Orkestri (London) də daxil olmaqla, dünyanın 200 orkestri tabe olub.

Orkestrin solisti Monika Mozerin (soprano) operettalardan səsləndirdiyi parçalar isə tamaşaçıları qısa zaman kəsiyində də olsa ifa olunan əsərlərin qəhrəmanlarına yaxınlaşdırdı. Monika Mozerin yüksək ifası ilə yanaşı, artistlik məharəti isə tamaşaçıları onu ayaq üstə alqışlamağa sövq etdi.

Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin musiqi mədəniyyətinin qoruyucusu rolunda çıxış edir.

Orkestr müxtəlif festivalların, həmçinin Avropada hər il keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalı bu orkestrin iştirakı ilə açılır.

Orkestr 35 illik fəaliyyətində Yaponiya, Çin, Koreya Respublikası, Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük tamaşaçı auditoriyasının qəlbini fəth edib.

Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti tamaşaçılara unudulmaz anlar bəxş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti