Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Bu gün Quba şəhər B.Səfəroğlu adına Mədəniyyət evində Azərbaycan Respublikasının Prezident təqaüdçüləri olan gənc istedadların konserti keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, konsert bu nazirlik tərəfindən "Bakı-2015" birinci Avropa Oyunlarının təbliğat kampaniyası çərçivəsində təşkil edilib.
Tədbirdə gənc istedadlı musiqiçilər Atabala Manafzadə (fortepiano), Emin Hüseynov (violin), Kamil Həsənov (fortepiano), Jalə Mailova (fortepiano), Mədinə Şahgəldiyeva (kamança), Mustafa Aşurov (tar), Pərvaz İbrahimli (xanəndə) və İsrafil Rəsulovun (truba) ifasında Azərbaycan və dünya musiqi nümunələri səslənmişdir.
Prezident təqaüdçülərinin digər bölgələrdə də çıxışları nəzərdə tutulmuşdur.