...

"ÜNS" Yaradıcılıq Səhnəsi tanınmış teatr rejissoru Roman Viktyukun qeyri-adi yaradıcılıq gecəsini keçirib (FOTO)

Mədəniyyət Materials 3 İyun 2016 21:20 (UTC +04:00)
İyunun 2-də “ÜNS” Yaradıcılıq Səhnəsində Roman Viktyuk ilə görüş olub.
"ÜNS" Yaradıcılıq Səhnəsi tanınmış teatr rejissoru Roman Viktyukun qeyri-adi yaradıcılıq gecəsini keçirib (FOTO)

Bakı. Trend:

Mayın 31-dən iyunun 1-dək Roman Viktyukun teatrı "ÜNS" Yaradıcılıq Səhnəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Gümüş əsrin tanınmış şairi Mixail Kuzminin orijinal versiyasında "Çəkməli pişik" və dramaturq Pavlo Ariyenin Çernobıl AES zonasında ekoloji fəlakətdən sonra adi insanların həyatından bəhs edən "Zamanların əvvəli və sonunda" tamaşalarını böyük müvəffəqiyyətlə təqdim edib.

İyunun 2-də "ÜNS" Yaradıcılıq Səhnəsində Roman Viktyuk ilə görüş olub.

Bu ilin oktyabrında 80 illiyini qeyd edəcək R.Viktyukun yaradıcılıq gecəsi anşlaqla keçib. Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət, incəsənət, elm və təhsil nümayəndələri iştirak ediblər.

Tanınmış teatr rejissoru, Rusiyanın Əməkdar İncəsənət Xadimi, Ukraynanın və Rusiyanın Xalq Artisti R.Viktyuk sanki bir göz qırpımında keçən iki saatlıq gecə ərzində yaradıcılıq bioqrafiyasının maraqlı xatirələrini tamaşaçılarla bölüşüb, gecəyə qatılan insanlarla səmimi ünsiyyətdə olub, onların suallarını cavablandırıb.

Qonaqlara R.Viktyukun yaradıcılığından videofraqmentlər təqdim edilib.

R.Viktyukun Daniil Harmsın povesti əsasında "Qarı" monotamaşasındakı möhtəşəm aktyorluq məharəti tamaşaçılar üçün sürpriz olub.

Əgər XX-XXI əsrlərdə dünya teatrının tam tarixi nə vaxtsa nəşr olunsa, əsas fəsillərdən biri mütləq R.Viktyuka həsr ediləcək. Yeni inqilabi teatr üslubunun banisi. Köhnə ənənələri dağıdan və yenilərini yaradan ustad. Postmodern incəsənətinin mütləq klassiki. Əfsanəvi adam. Qalmaqallı adam. Məhəbbət dolu adam. Nur saçan adam. Qalaktika-adam.

Vsevolod Meyerxoldun, Aleksandr Tahirovun və Nikolay Yevreinovun qeyri-məişət teatrının ənənələrinin ən mahir və dürüst davamçısı. XX əsrin bədii təcrübəsi əsasında tamaşa hazırlanmasının və aktyorların səhnədə mövcudluğunun özünəməxsus irrasional və energetik prinsiplərini işləyib hazırlayan böyük rejissor. Teatr institutlarının icbari proqramına çoxdan və əsaslı daxil olan prinsiplər, eləcə də özlərini bu və ya digər dərəcədə onun yetirmələri sayan bir çox tanınmış rejissorların müəllif dəsti-xətti.

Bütün zəmanələrin dahi müəlliflərinin işıq və enerjisinin keçiricisi və yayımlayıcısı. Tamaşaçıya çox vaxt özü də hiss etmədən daxilində kök salan bütün komplekslərini başa düşməsinə və onlardan qurtulmasına kömək edən rəssam.

R.Viktyukun rejissorluğuna laqeyd yanaşmaq mümkün deyil. Onu ya qəbul etməmək (daha doğrusu başa düşməmək), ya da növbəti premyerasına baxmaq üçün aylarla bilet dalınca sürünmək, tamaşadan sonra isə pərdə arxasına keçib səxavətlə tamaşaçı ilə bölüşdüyü teatr möcüzəsinə görə ona şəxsən təşəkkür etmək olar. O, uzun sürən rejissorluq fəaliyyəti dövründə dünyada 200-dən çox tamaşa qoyub, bir çox böyük aktyor və müəlliflərlə işləyib. Onu hər yerdə sevir və gözləyirlər!

Yaradıcılığı boyu hər növ riyakarların ona qarşı irəli sürdükləri növbənöv ittihamları sayıb qurtarmaq mümkün deyil. Onlar hətta ustadın televiziya ekranından sadəcə parlayan xumar gözlərini görəndə əsəbləşirlər: "Yenə də bu Viktyuk! Bununla bacarmaq mümkün deyil! Yenə də o!". O isə yalnız xəfif gülümsəyərək, yolverilməz söz burulğanını növbəti dəfə xüsusi nəşə ilə tamaşaçı salonuna ünvanlayaraq "Bu, sizin hətta özünüzə etiraf etməyə cəsarət etmədiyiniz kompleks və fobiyalarınızdır!" deyir. Yenə də tamaşaçısını bu kompleks və fobiyalardan xilas edir. Bunu bəzən hətta zor gücünə edir.

O və yenə də o. Ustad. Müəllim. Parlaq və özünəməxsus. Qalmaqallı və dəlisov. Sanki ovuc içi kimi görünür, amma heç kim tərəfindən axıradək başa düşülməyib. Müəmmalı. Müstəsna. Maestro, sizin çıxışınızdır!

Budur o, sizin qarşınızdadır. Altdan qara və ipək, üstdən qara və dəri libasda. Qara eynəkdə, yaxud onsuz. Roman Qriqoryeviç, ixtiyar sahibisiniz. Bəlkə də ağlasığmaz əlvan ipək pencəkdə.

Müxtəlif və bir-birinə bənzəməyən bütün tamaşalarında o, həmişə bir əsas meyarı - Məhəbbəti təbliğ edir. Bu, məhz həmin universal sirrdir ki, açmağa nə qədər çalışsan da sirr olaraq qalır.

Gecənin sonunda R.Viktyuk Azərbaycanın gözəl paytaxtına növbəti dəfə gəlmək və öz sənətini bakılılara təqdim etmək fürsətinə görə "ÜNS" Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayevaya təşəkkürünü bildirib.

Professor Nərgiz Paşayeva səmimi sözlərə görə təşəkkür edərək deyib:

- Roman Qriqoryeviç, XX əsrin ikinci yarısında insanların şüurunda inqilab edən əlli şəxsiyyətdən biri sayılan teatr sehrbazı, böyük estet və böyük ustaddır. Ən adi qadın da ustadın yanında özünü azacıq Marqarita hesab edir. Roman Qriqoryeviç, mən də Sizinlə, Sizin yaradıcılığınızla tanış olduğum bütün bu illər ərzində həmişə özümü sizin yanınızda azacıq Marqarita hiss etmişəm. Səhnə böyük qüvvədir. Səhnə var, həyat da var. Siz həm səhnədə böyük ustad, həm də həyatda böyük insansınız! Bu səadət hər kəsə nəsib olmur. Siz saxtakarlıqdan və gizli mətləblərdən uzaq çox səmimi və dürüst ustadsınız. Gizli mətləbiniz var, amma o bədiidir. Obrazlarınız var, amma bu obrazlar uydurulmuş olsa da, səmimi və həqiqidirlər. Siz başdan-ayağa busunuz. Mən sizi çox sevirəm və Bakıya gəldiyinizə, şəhərimizin, teatrımızın, doğma və əziz tamaşaçılarımın həyatında iştirak etdiyinizə görə Sizə minnətdaram.

Gecə R.Viktyukun teatrının aktyoru İqor Nevedovun improvizə edilmiş çıxışı ilə başa çatıb. O, Sergey Yeseninin "Əlvida, Bakı!" şerini ürəkdən oxuyub.

R.Viktyuk teatr səhnəsinin Maestrosunu gurultulu alqışlar qarşılayan, onu gül-çiçək yağışına qərq edən tamaşaçılarla çox mehriban vidalaşıb. Ona tamaşaçı məhəbbətini bu sözlərlə ifadə etmək olar: "Biz sizi yenə də Bakıda gözləyirik!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti