...

Aparıcı Mətanət Əliverdiyeva: “Hamımız birik” (FOTO)

Mədəniyyət Materials 30 İyun 2016 14:37 (UTC +04:00)
Gərək birinci soruşaydın ki, evdə ümumiyyətlə, tapılırsan? (gülür). Uşaqlarım məni ancaq ekrandan görür və ya efirdən eşidir. Artıq seriala baxıb, məni Mətanət yox, Nəzakət deyə çağırırlar.
Aparıcı Mətanət Əliverdiyeva: “Hamımız birik” (FOTO)

Bakı-Trend:

Trend tanınmış tele və radioaparıcı Mətanət Əliverdiyeva ilə müsahibəni təqdim edir.

- Bəlkə də bu şüuraltı təsvirin nəticəsidir, amma səninlə ünsiyyətdə olanda adama elə gəlir ki, radioya qulaq asırsan. Bəs, evdə övladlarınızla necə danışırsan, səs tembrin dəyişir?

- Gərək birinci soruşaydın ki, evdə ümumiyyətlə, tapılırsan? (gülür). Uşaqlarım məni ancaq ekrandan görür və ya efirdən eşidir. Artıq seriala baxıb, məni Mətanət yox, Nəzakət deyə çağırırlar.

Əgər ciddi danışsaq, mən həyatımı radio ilə bağladım və bir çox insanların məni məhz səsimə görə tanıması mənə xoş olmaya bilməz.

- Radioya o qədər bağlandın ki, hətta aparıcılıqla, aktrisalıqla da məşğul olsan belə, radio yaradıcılığnda əsas olaraq qaldı.

- Əlbəttə. ATV telekanalına dörd il bundan öncə gələndə də sırf radioya gəldim və mənə təklif edəndə ki, “Olaylar” verilişini aparım, çox tərəddüd edirdim, deyirdim ki, ekranda görünmək istəmirəm.

- Peşman deyilsən ki, göründün və səni artıq səslə yox, sima olaraq da tanıdılar?

- Heç peşman deyiləm! Əksinə, mənim digər bir istedadım da üzə çıxdı - söhbət aktrisalığımdan gedir. Hələ məni başqa bir ampluada da görə biləcəksiniz. Talantlarım çoxdu, tükənməyib hələ...(gülür)

- Hansı ampluada? Birdən oxumağa başlayarsan, xəbərimiz olmaz...

- Yooox, müğənnilik mənlik deyil! Səsim olsa da, bu peşədə özümü görmürəm.

- Bəs daha hansı peşə “sənlik” deyil?

- Mən heç vaxt təyyarəçi və ya kosmonavt ola bilmərəm, çünki yüksəklikdən qorxuram, və təyyarədə adi sərnişin kimi uçanda belə, halım çönür. Amma mən yaxşı həkim ola bilərəm, ginekoloq ola bilərəm, çünki bu peşədən anlayışım var, bağça müəlliməsi ola bilərəm, çünki uşaqları çox sevirəm. Ümumiyyətlə, mənim peşə kompleksim yoxdur - hər bir işdə işləyə bilərəm. Bir dəfə maşınımın şüşəsini silirdim, uşaqlar zarafatla dedi ki, yeni peşə tapmısan özünə”, amma burda nə var ki, heç bir peşəyə görə heç vaxt utanc hissi keçirmirəm.

- Uşaqları çox sevirsən, dedin. Öz uşaqların “papa balasıdır”, yoxsa “mama balası”. Atalarına çox meyillidirlər, yoxsa sənə?

- Nə “papa balasıdırlar”, nə “mama”. Mənim uşaqlarım tam sərbəst və azaddılar.

- Hətta kiçik oğlun?

- Əlbəttə! Onun səkkiz yaşı var və mən onun fikirlərinə müdaxilə etmirəm. Nə deyirsə, deyirəm baş üstə! Deyir, bu yeməyi yemək istəyirəm - deyirəm baş üstə, deyir, bu oyunu oynamaq istəyirəm, deyirəm baş üstə...

- Bəs desə, dərs oxumaq yox, oynamaq istəyirəm, onda nə deyirsən?

- Onda da deyirəm “Baş üstə”. Təpki ilə ona dərs oxutdursam, onsuz da oxumayacaq. Deyir ki, olar bir az oynayım, sonra oxuyum? Deyirəm - oyna. Sonra isə özü gedib dərs oxuyur. İnsana azadlığı uşaqlıqdan vermək lazımdır. Onun üstünə qışqırmaqla və ya onu nəyə görə isə vurmaqla iş düzəlmir. Oğlum nəyi isə sındırsa, dağıtsa belə, mən onu vurmuram, üstünə qışqırmıram. Sadəcə deyirəm ki, eybi yox, daha oldu, amma bir daha belə etmə. Mən təpkili ana deyiləm. Uşaq dağıtmalıdı, sındırmalıdı. Özü də ki, bizdə sındırılası bir şey də yoxdu axı (gülür). Mən rəsmləri sevdiyim üçün bizdə rəsmlər çoxdu, vaza, servis - belə aksessuarların ümumiyyətlə, tərəfdarı deyiləm.

- Özün dediyin kimi, peşə kompleksin yoxdur, bəs mühitə uyğunlaşmaq necə - tez uyğunlaşa bilirsən, yoxsa bu bir az vaxt tələb edir? Misal üçün ATV telekanalına uyğunlaşma prosesi necə keçdi? Neçə illər bir kollektivdə işləyib, sonra tamami ilə başqa bir mühitə necə uyğunlaşdın?

- Çox gözəl! Axı baxır hansı mühitdən hansı mühitə düşürsən! Bundan da çox şey asılıdır! Bir də görürsən ki, insan valideynindən də inciyib, evdən çıxıb gedir. Mənim hardasa xətrimə dəyirlərsə, mən oradan gedib, bir daha oraya qayıtmıram, hətta qabaqda məni hər hansı neqativ gözləsə də belə. Çünki əminəm ki, nə olsa da bundan pis olmayacaq! Mən elə bir mühitə gəldim ki, elə bil tamam başqa bir ölkədəyəm. ATV-də çalışdığım bu dörd ildə bir dəfə də görmədim ki, kimsə kiminsə işinə qarışsın, kimsə kiminsə “ayağını qazsın”, kimsə kimdənsə nəsə yazsın, aparsın versin müdiriyyətə...

Yəni doğrudan da sözün əsl mənasında Azad Azərbaycanda çalışıram. Kanalın xadiməsindən tutmuş kanalın rəhbər vəzifəsində çalışan insanlara qədər, hamıya eyni gözlə baxırlar. Ay, mən bir az vəzifədəyəm, mən başqa cür salamlaşım - burada mən belə hallarla rastlaşmadım.

- Lakin kanalın aparıcı işçilərinin belə düşünməsinə baxmayaraq, kənarda başqa cür düşünüb, başqa fikir söyləyənlər də tapılır...

- Kim deyir onu, kim başqa fikrə düşə bilər? Özün bilirsən ki, hər zaman sözü üzə deyən adamam. Hansısa başqa münasibətlər görsəydim, artıq bu telekanalda qalmazdım, çünki mən elə başqa münasibətlərə görə, o biri telekanaldan getdim!

- Sən getməsən də, yazılar gedir ki, ATV telekanalında ikihakimiyyətlilikdir və hamı “iki cəbhə” arasında qalıb. Sən onların hansına qulluq edirsən?

- Belə fikir deyənin hakimiyyət başından vursun. (gülür.) Bu fikirlərin bir adı var - paxıllıq. Telekanalın rəhbəri kim olur - onun prezidenti. Sonra gəlir vitse-prezidentlər və İctimai-siyasi departamentinin baş redaktoru. Qadasın alım, bizim baş redaktorun - Vaqif müəllimi ancaq dəhlizdə görürəm, salamlaşırıq, söhbətləşirik, bircə dəfə də demir ki, niyə filan şeyi filan cür elədin, heç bir işimə qarışmır! Telekanalımızın prezidenti Vüqar müəllimlə səhərlər rastlaşırıq, çünki kanala ən tez gələn bizik. Bir dəfə məndən soruşdu ki, “Ay qız, sən gecələr elə burada qalırsan?” Sonra bir də görəndə dedi ki, “yenə məndən tez gəldin işə”... Axı mən artıq səhər yeddinin yarısı işdə oluram ki, radio xəbərləri oxuyum. Liftlə qalxanda belə Vüqar müəllim məni gözləyir, belə bir münasibətdən kim narazı qala bilər. Və yaxud vitse-prezidentimiz Rauf müəllim - hamı ilə eyni xoş münasibətdədir, təkcə, məndən söhbət getmir.

- Bəs Vaqif müəllim demir ki, Rauf müəlimin yanına girdin və ya əksinə kanalın vitse-prezidenti irad tutmur ki, niyə baş redaktorun yanında idin?

- Qətiyyən! Mən belə bir halı heç təsəvvürümə belə gətirmirəm. Bu dörd ildə bir dəfə də olsun, belə halla rastlaşmamışam. Burada mənim qapımı heç hay-harayla açıb girən olmayıb. Hamımız birik, heç kəsə ayrı-seçkilik qoyulmur. Oturub bir-birimizin paxıllığını çəkincə, əyriliyini axtarınca, daha yaxşı olardı ki, daha qlobal məsələlərlə birlikdə məşğul olaq, onlara fikir ayıraq və cəmiyyətə bu yolla xeyir verək.

- Rəhbərliyin münasibətini başa düşdük, bəs həmkarlarının bir-biri ilə münasibəti necədir?

- Mən özümnən danışa bilərəm. Heç kəs deyə bilməz ki, mən kiminsə xətrinə deymişəm, onu acılamışam. Dəysəm belə, o adamı qucaqlayıb, öpüb, üzr istəməyi bacarıram.

- ATV kanalının digər siması Zaur Baxşəliyevlə münasibətin nəcədir? İki qoçun bir qazanda başı qaynaya bilir?

- Bilir də sözdü? Onunla qucaqlaşanda elə görüşüb-öpüşürük ki, hamı deyir, bu necə isti görüşməkdir? Çox istərdim ki, onunla birgə bir veriliş aparım. “Ford Bayard”a biz birgə çalışdıq və bir-birimizi çox gözəl anlayırdıq. İnanıram ki, növbəti dəfə də çox yaxşı alınar...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti