...

Lətif Kərimovun 110 illik yubileyi qeyd olunacaq

Mədəniyyət Materials 11 Noyabr 2016 14:45 (UTC +04:00)
Noyabrın 17-də Azərbaycan Xalça Muzeyinin yaradıcısı, görkəmli alim və xalçaçı-rəssam, müəllim, “Azərbaycan xalçası” adlı fundamental elmi əsərin müəllifi Lətif Kərimovun 110 illik yubileyi qeyd olunacaq.
Lətif Kərimovun 110 illik yubileyi qeyd olunacaq

Bakı. Trend:

Noyabrın 17-də Azərbaycan Xalça Muzeyinin yaradıcısı, görkəmli alim və xalçaçı-rəssam, müəllim, “Azərbaycan xalçası” adlı fundamental elmi əsərin müəllifi Lətif Kərimovun 110 illik yubileyi qeyd olunacaq.

Bu barədə Trend-ə Azərbaycan Xalça Muzeyinin Mətbuat katibliyindən məlumat verilib.

Azərbaycan Xalça Muzeyində L.Kərimovun 110 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. 2-3 iyun tarixlərində I Beynəlxalq “Türk dünyasının ortaq dili-naxışlar” adlı simpozium, 2-12 iyun tarixlərində isə Mübariz Əkbərovun dekorativ-tətbiqi sənət nümunələrindən və L.Kərimovun eskizlərindən ibarət “Metalda həkk olunmuş gözəllik” adlı sərgi keçirilib.

17 noyabr-18 yanvar tarixlərində Azərbaycan Xalça Muzeyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin birgə əməkdaşlığı çərçivəsində sərginin keçirilməsi planlaşdırılır. Sərgidə Lətif Kərimovun müəllifi olduğu eskizlər, onların əsasında toxunan xalça və xalça məmulatları, şəxsi arxivində qorunan fotoşəkillər və sənədlər nümayiş olunacaq. Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyi tərəfindən bu sərgi üçün 7 ədəd xalça və 4 ədəd xalça məmulatı təqdim olunacaq.

Bununla yanaşı, noyabrın 17-də “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından Lətif Kərimovun əsərləri” adlı kitabın təqdimatı keçiriləcək. Kitabda muzeydə qorunan, Lətif Kərimovun müəllif olduğu eskizlər və xalçalar, Kərimovlar ailəsinin şəxsi arxivində saxlanılan, bu günə qədər heç bir yerdə nümayiş olunmayan foto şəkillər, sənədlər və məktublar dərc olunacaq.

2016-cı ilin 16-18 noyabr tarixlərində uzun illər davam edən “Birlik irsi. Gələcək üçün ənənə” kompleks proqramı çərçivəsində Azərbaycan Xalça Muzeyi və Beynəlxalq Muzeylər Şurası Rusiya Milli Komitəsinin (Rusiya İKOM) təşkilati və həmçinin MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun maliyyə dəstəyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin təşkil etdiyi “Xalçaçılıq sənəti” adlı konfrans keçiriləcək.

Konfransda Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın aparıcı muzeylərinin nümayəndə heyətləri iştirak edəcək. İclaslarda xalça və parçaların tədqiqatı, saxlanması, konservasiyası, bərpası və sərgilənməsi məsələləri müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti