Bakı. Trend:
Uzun illərdir İsraildə yaşayan Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Dina Tumarkinanın 85 illik yubileyi qeyd edilib.
Trend-in məlumatına görə, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqını, Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Rus Dram Teatrında baş tutan yubiley tədbirində mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, millət vəkilləri, aktrisanın sənət dostları iştirak ediblər.
Yubiley tədbirində nitq söyləyən Dina xanım Tumarkina Azərbaycanın onun üçün hər zaman əziz və doğma olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, 27 il sonra yubileyinin məhz Bakıda, uzun illər səhnəsində çıxış etdiyi Dövlət Rus Dram Teatrında qeyd edilməsindən məmnunluq duyur.
Tədbirdə çıxış edənlər natiqlər xalq artistinin həyat və fəaliyyətinə diqqət çəkərək onun ifasında olan rollar, oynadığı tamaşalar barədə xatirələrini bölüşüblər. Qeyd edilib ki, hələ SSRİ dövründə Azərbaycan teatr qrupları ilə birlikdə müxtəlif ölkələrdə qastrol səfərlərində olan aktrisa hər zaman öz təkrarolunmaz ifası ilə yaddaşlarda qalıb.
Xatırladaq ki, məşhur aktrisa Dina Tumarkina 1932-ci ildə Odessada anadan olub. Odessa Texnologiya İnstitutunu bitirən D.Tumarkina sonradan M.E.Tilker adına Odessa teatr studiyasında təhsil alıb. 1955-ci ildən başlayaraq isə onun həyat yolu Bakı ilə bağlanıb və uzun illər Azərbaycan teatr səhnəsində fəaliyyət göstərib. Bir sıra tamaşalarda unudulmaz rollar ifa edən Tumarkina Azərbaycan SSR-in xalq artisti və Dövlət mükafatı laureatı adına layiq görülüb. Aktrisa 1990-cı ildə İsrailə köçsə də, Bakı onun üçün hər zaman unudulmaz olaraq qalıb.