Bakı. Trend:
Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçirilib.
Konsertin aparıcısı Rahib Azəri Azərbaycan və dünya caz musiqisinin tarixindən, Azərbaycan caz musiqisinin inkişafı və təbliği üçün görülən işlərdən, ölkəmizdə cazın daha da sevilməsindən və gənc caz ifaçılarına verilən dəstəkdən tamaşaçılara ətraflı məlumat verib.
“jAzzeri Muğam Bands” caz musiqisi axşamında əməkdar artist Mircavad Cəfərov və “Cəngi” etno-caz qrupu, əməkdar artist Şirzad Fətəliyev (nəfəs alətləri), çoxsaylı müsabiqələrin laureatları, ifaçılar Arslan Növrəsli (tar), Şəhriyar İmanov (tar), Elvin Bəşirov quartet, Nicat Aslanov quartet və Afşin Əlizadə quartet çıxış ediblər.
Konsertdə səsləndirilən yerli caz kompozisiyaları və dünyaca məşhur əsərlər tamaşaçıların alqışları ilə müşayiət olunub.