Bakı. İlhamə İsabalayeva -Trend:
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Gəncliyin səsi” festivalının açılış mərasimi baş tutub.
Trend-in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açılış mərasimində çıxış edərkən deyib ki, festivalın keçirilməsinin məqsədi gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunmasıdır.
Nazir əlavə edib ki, 2016-cı ildən etibarən sözügedən festival Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir.
Cari ildə “Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” təşkilatı ilə birlikdə Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi planlaşdırılır.
Festivalda istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov belə festivalların keçirilməsinin əhəmiyyətindən danışıb: "Çox sevindirici haldır ki, bu il festival bir neçə rayonda da keçirilir. Bunda məqsəd gənclərin potensialını üzə çıxarmaqdır".