Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində görkəmli xanəndə Həqiqət Rzayevanın yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Trend-in məlumatına görə, xalq artisti, opera müğənnisi, muğamlarımızın, xalqmahnılarımızın, təsniflərimizin mahir ifaçısı olan Həqiqət Rzayevanın həyat və yaradıcılığına həsr edilən tədbirin aparıcısı Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı müğənninin Azərbaycan mədəniyyəti tarixindəki xıdmətlərindən söhbət açıb.
Xalq artistləri Arif Babayev və Canəli Əkbərov Həqiqət Rzayevanın teatrdakı, kinodramaturq, Xalq artisti Oktay Mirqasımov isə kino fəaliyyətindən danışıb.
Həqiqət Rzayevanın oynadığı tamaşalardan və kinolardan ibarət video çarx nümayiş olunub.
Gecənin konsert proqramı Həqiqət Rzayevanın repertuarına uyğun tərtib edilmişdi.Əməkdar artistlər Anar Şuşalı, Sevinc Sarıyeva, Səbuhi İbayev, Nuriyyə Hüseynova, Gülnaz İsmayilova, ifaçılar Rəvanə Qurbanova, Anar Quliyev, Atabəy İsmayılov, Cavid Əzizov, Ümidə Abbasova, Fatimə Əliyeva musiqi nömrələri ilə çıxış ediblər.
Gecədə ifaçıları tarzən Altay Niftəliyevin rəhbərliyi ilə Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib: Araz Ağaverdiyev(kamançada), Kamran Novruzov (bəm tarda), Süleyman Əliyev (nağarada), Vəfadar Ramizzadə (balabanda).
Sonda Həqiqət Rzayevanın nəvəsi, Həqiqət xanımın oğlu, bəstəkar Azər Rzayevin qızı-Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Ülviyyə Manafova tədbirin təşkilatçılığına görə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə, həmçinin informasiya dəstəyinə görə "Mədəniyyət" kanalına Həqiqət Rzayevanın ailəsi adından minnətdarlığını bildirib..
Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində aşıq ifaçılığı məktəbinin görkəmli nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi Aşıq Ədalətin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.
Biletləri şəhərimizin kassalarından, "ASAN xidmət" mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.