...

Yazılı sevgi etiraflarının "hücum"una məruz qalan kiçik Mərdəkan qalası (FOTO)

Mədəniyyət Materials 3 May 2018 22:00 (UTC +04:00)
Mərdəkan iki tarixi qalanın müasir dövrümüzə qədər gəlib çatdığı yeganə qədim Abşeron kəndidir.
Yazılı sevgi etiraflarının "hücum"una məruz qalan kiçik Mərdəkan qalası (FOTO)

Bəxtiyar Hacıyev – Trend:

Mərdəkan qalası deyiləndə, adətən, əksəriyyətin tanıdığı dördkünc qala nəzərdə tutulur. Lakin böyük qalanın ən yuxarı mərtəbəsinə çıxıb ətrafa diqqətlə nəzər salsaq, sahilə tərəf, təqribən yarım km aralıda daha bir qalanı görmək olar. Bu, dairəvi Mərdəkan qalası və ya yerli sakinlərin dediyi kimi, “Şıx qalası”dır.

Ümumiyyətlə, Mərdəkan iki tarixi qalanın müasir dövrümüzə qədər gəlib çatdığı yeganə qədim Abşeron kəndidir.

Sahildən təxminən 1,5 km məsafədə yerləşən dairəvi qalanın hündürlüyü 12,5 metrdir. Memarı Əbdülməcid Məsud oğludur.

Bürclü qalanın üzərindəki kitabədən abidənin Şirvanşah Güştasp (Gərşəsb) Fərruxzad oğlunun hakimiyyəti illərində (1204-1225), 600-cü mordad ayında tikildiyi məlum olur. Bəzi alimlər mordad ayı yazısına əsaslanaraq qalanın 1221-ci ildə, bir qismi isə hicri-qəməri təqvimi ilə hesablayaraq 1203-1204-cü illərdə inşa edildiyini bildirirlər.

Hazırda bir hissəsi pozulmuş kitabədə yazılıb:

"Bu qala həqiqətən uca, müdrik, ədalətli, (Allahın) himayə etdiyi müzəffər, qalib, dinin döyüşçüsü, dünyanın, dinin... və müsəlmanların əzəməti, dinin qoruyucusu Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhrün zamanında tikilib".
"Sahibi... sipahsalar (sərkərdə) möhtərəm, müdrik (Allahın) himayə etdiyi, hörmətli, dövlətin və dinin ulduzu... İshaq ibn Kakuyidir. Allah onun qüdrətini əbədi etsin! Tarix: mordad ayı, 600-cü il”.

Qeyd edək ki, İshaq ibn Kakuyi Şirvanşahlar ordusunun ali sərkərdəsi olub.

Tikilinin “Şıx qalası” adlandırılması bu ərazinin orta əsrlərdə Şeyx Əbu Səid Əbubəkrə məxsus olması ilə izah edilir. Lakin təhlükə zamanı ətrafa, eləcə də yaxınlıqdakı qalalara məlumat ötürmək və gəmilərə yol göstərmək məqsədilə qalaların üzərində tonqal qalanması bu bürcə hansı səbəbdən həm də “İşıq qala” deyilməsinə müəyyən qədər aydınlıq gətirir. Tarixçi alim Tağı Musəvi isə “Bakı tarixinə aid orta əsr sənədləri” kitabında yazır ki, Sankt-Peterburqda, SSRİ Elmlər Akademiyasının arxivində akademik B.A.Dornun fondunda Şeyx Əbu Səid Əbülxeyrin məqbərəsinin mütəvəlliyi haqqında Sədarət divanının 1699-cu ildə verilmiş bir hökmü saxlanılır. Hökmdə deyilir: “Əmir Xəlilullahın oğlu Fərrux Yasar Şeybani əkinəcəyini oradakı qatı neft quyusu ilə birlikdə, Şüvəlandakı beş üzüm bağı sahəsini və meşə yerini Bakuyə yaxınlığında dəfn olunmuş Şeyx Əbu Səidin müqəddəs məzarına vəqf edib”.

Kiçik keşikçi qalası dördkünc qala kimi əhəng məhlulu ilə yerli əhəng daşından hörülüb. 3 yarusdan ibarət və maşekullarla tamamlanan kiçik Mərdəkan qalasının sferik tavan-döşəmə ilə ayrılan mərtəbələri bir-biri lə divarın içində qurulan vintvari pilləkənlərlə əlaqələnir. Hər tavan-döşəmənin ortasında isə dairəvi dəliklər var. Görünür, bu dəliklər vasitəsilə aşağıdan yuxarı mərtəbələrə iplə su və ərzaq qaldırılırdı. İkinci və üçüncü mərtəbələrdə içəri işıq düşməsi üçün və ya mazğal məqsədilə istifadə olunan ensiz pəncərələr də var.

O dövrün əksər istehkamlarında olduğu kimi, burada da pilləkən qəfəsi və ya giriş düşmənin yuxarı mərtəbələrə həmləsinin qarşısını almaq üçün ikinci mərtəbədən başlayır. Lakin tağ formasında olan girişdən sallanan kəndirin sayəsində (görünür, gənclərin işidir) yuxarı mərtəbələrə qalxa bildik.

Nardaran qalasına çox bənzəsə də, əsas fərq sovet dövründə burada bərpa işlərinin aparılması nəticəsində tikilinin nisbətən yaxşı vəziyyətdə qalmasıdır. 1950-ci illərədək abidənin yalnız bir qaladan ibarət olduğu güman edilirdi. Lakin aparılan arxeoloji qazıntılar zamanı dairəvi bürclü qalanın ətrafında hündürlüyü 5-7 metr olan divarlar aşkar edildi. Hazırda hündürlüyü təqribən 2 metr olan bu daş divarların künclərdəki bürclərində ənənəvi şəkildə kiçik dolama pilləkənlər var.

Maraqlıdır ki, bu qala qumsal və kəndin nisbətən dərə yerində tikilib. Axı bu qaladan bir neçə metr hündürlükdə təbii qayalıq var. Mərdəkanın böyük qalası da məhz qayalıqlar üzərində inşa edilib. Bəlkə də dairəvi qalanın yüksəklikdə tikilməməsində məqsəd bürcün uzaqdan diqqəti cəlb etməməsi olub.

Üzərində “Abidə dövlət tərəfindən qorunur” sözləri yazılmış bir çox tarixi abidələrimiz kimi, kiçik Mərdəkan qəsri də əslində baxımsız vəziyyətdədir. Qalanın içərisi müxtəlif tullantılarla doludur, tikilinin özü, eləcə də qala divarlarının üstü isə müasir yazıların “hücum”una məruz qalıb. Əsasən, gənclərin sevgi etiraflarını müxtəlif rəngli boyalarla bu qədim daşların üzərinə həkk etməsi tariximizə, keçmişimizə hörmətsizlikdən başqa bir şey deyil. Bu xoşagəlməz hal mütləq aradan qaldırılmalıdır.

Hələ ki kiçik Mərdəkan qalası böyük Mərdəkan qəsri kimi diqqət çəkmir. Turistlər, məktəblilər əsasən böyük qala ilə maraqlanırlar. Qapısı bağlı kiçik qala isə böyük qalaya həsədlə baxmağa davam edir.

Bakının ətraf qəsəbələrində qalaları tarix-diyarşünaslıq muzeyinə də çevirmək olar. Axı Abşeronun hər qədim kəndinin özünəməxsus tarixi, mədəniyyəti, adət-ənənəsi var. Belə olan təqdirdə, qalalara ikinci həyat verilər, ziyarətçilərinin sayı da artar.

Ramana qalası
Nardaran qalası
Böyük Mərdəkan qalası
Bilgəh qalası

Şağan qalası

Kiçik Mərdəkan qalasından görüntülər:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti