Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anadan olmasının 79-cu il dönümünə həsr edilmiş konsert keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan gecədə hər il ənənəvi olaraq V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında maraqlı konsert proqramı təqdim olunub.
Konsertdə məktəbin şagirdləri və müəllimləri ilə yanaşı vaxtı ilə məktəbin məzunları olmuş Azərbaycanın tanınmış simaları da iştirak ediblər. Gecədə caz, reqtaym, blüz janrlarında canlı caz orkestrinin müşayiəti ilə əsərlər ifa olunub. Bununla yanaşı məktəbin rəssamlıq şöbəsi şagirdlərinin musiqi mövzusunu əks etdirən rəsm işlərindən ibarət sərgi təşkil edilib. Konsert tamaşaçılar tərəfindən alqışlarla və böyük maraqla qarşılanıb.
Sonda məktəbin direktoru, əməkdar artist Akif Süleymanbəyli qonaqları salamlayaraq konsertin baş tutmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.