Bakı. Trend:
Oktyabrın 5-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində dünya şöhrətli alman yazıçısı Vulf Dornun oxucularla görüşü və imza saatı keçirilib.
Trend-in məlumatına görə, yazıçı əvvəlcə oxucuların suallarını cavablandırıb və əsərlərini yazmağa başladığı dövrdə psixiatriya xəstəxanasında işlədiyini, burada xəstələrin həyat hekayələrindən ilham aldığını bildirib. O, əsərlərində reallıqları əks etdirməyə çalışdığını da vurğulayıb.
“Əsərlərimdəki adlar ölkələrə görə fərqlənir. Əsasən tarixi yazıçıları sevirəm, müasir yazıçılardan isə Stiv Berrini qeyd edə bilərəm. Oxuduğum hər yazıçıdan nəsə öyrənirəm, buna görə də onların hamısını sevirəm.
Bir əsərin ilk səhifəsini yazmaq ən çətin anlardan biridir, çünki oxuculara xüsusi bir əsər və fərqli bir atmosfer təqdim edəcəyinizə dair söz verirsiniz. Həmin atmosferin yaranması məhz ilk səhifədən asılıdır. Əgər ilk səhifə oxucunun diqqətini cəlb etsə, onlar əsərin qalan hissəsini oxumağa davam edəcəklər. Əks halda, oxucularınızı itirə bilərsiniz. "Ən çox çətinlik çəkdiyiniz əsər hansıdır?" sualına cavab olaraq deyə bilərəm ki, bu proses hazırda üzərində işlədiyim əsərdə yaşanır. Çünki orada çoxlu obrazlar var və onları oxuculara necə düzgün təqdim edəcəyimi düşünürəm,” – yazıçı qeyd edib.
Görüşün sonunda imza saatı keçirilib.
Sərgi çərçivəsində yazıçının oktyabrın 6-da, saat 15:00-da Baku Ekspo Mərkəzində daha bir oxucularla görüşü baş tutacaq.