Bakı. Trend:
Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç Trend İnformasiya Agentliyinin suallarını cavanlandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səlçuk bəy, beş il Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərmisiniz. Azərbaycanla bağlı təəssüratlarınızı eşitmək istərdik.
- Mən Azərbaycana böyük sevgimi, sədaqətimi dəfələrlə bildirmişəm. İlk növbədə onu deyim ki, Azərbaycan mənim üçün sıradan bir ölkə deyil. Azərbaycana xüsusi bir sevgim var.
Qısaca Azərbaycan mənim ürəyimdəki şah damarıdır. İnsan şah damarı olmadan yaşaya bilməz. Azərbaycan xalqı və dövləti bir-birinə diqqətli və qayğıkeşdir. Mən öz adət-ənənələrinə, tarixinə və mədəniyyətinə sadiq cəmiyyətdən danışıram.
Təbii ki, bu cəmiyyəti yüksək səviyyədən idarə edən və qoruyan böyük dövlət siyasəti var. Azərbaycan dövləti öz məsələlərini yaxşı bilən, yüksək zəka və ağılla həll yollarını tapan, beynəlxalq məsələləri, tarixi məsələləri unutmadan yaşatmaqla birinci dərəcəli diplomatiya aparan dövlətdir. Bəzilərinin fikrincə, Azərbaycan kiçik dövlətdir. Nəyə və kimə görə kiçikdir?
Məncə, Azərbaycan böyük siyasətə, ideallara malik dövlətdir. 25 ildən sonra Azərbaycan Qafqazda və Türk Dünyasında çox önəmli bir yer tutacaq. Hadisələrin inkişafı bunu göstərir. Azərbaycanda yaşadığım beş il həyatımın ən gözəl illəri olub. Mən Bakıda yaşamağı çox istəyirəm. Türkiyə ilə Azərbaycan arasında yüksək strateji mədəni və elmi şəbəkənin qurulmasında fəaliyyətimə davam etmək istəyirəm.
Bu səbəbdən indi də Türkiyə, Azərbaycan və Türk Dünyası üçün çalışıram.
Yaşasın böyük Türk Milləti!
Yaşasın böyük Azərbaycan!
Yaşasın böyük Türkiyə!
- Yunus Əmrə İnstitutun Bakı nümayəndəsi kimi ölkəmizdə Türkiyənin təbliğatı üçün bir çox layihələr etdiniz. İki qardaş ölkə arasında mədəniyyət sahəsindəki töhfəniz haqqında danışmağınızı istərdik.
- Mədəniyyət bir millətin vitrinidir. Bir cəmiyyəti, xalqı və ya milləti onların mədəni vitrinləri vasitəsilə tanıyırsınız. Türkiyə və Azərbaycan ortaq mədəniyyətin və millətin üzvləridir.
Lakin coğrafiya və tarixin bizi bir-birindən ayırdığı vaxtlarda mədəni fərqliliklərimiz və müxtəlifliklərimiz olub. Biz müxtəlifliyimizi sevdirmək və təbliğ etmək üçün xüsusi səy göstərməliyik. Çünki Türkiyə-Azərbaycan bu gün siyasi cəhətdən çox güclüdür, lakin siyasəti, ticarəti və bütün şərtləri layihələndirəcək və birləşdirəcək üst körpü ortaq mədəniyyətimizdir. Mədəniyyət və elm adamlarının yüksək və orijinal əsərlər ortaya qoyması və bunu iki ölkənin gələcəyinə sərmayə qoyaraq davam etdirməsi bütün inkişafların başında olmalıdır. Türkiyə və Azərbaycan təkcə qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Amma mən bunu daha çox strateji mədəni müttəfiq kimi şərh edirəm. Azərbaycan Qafqazda güclü siyasətə malikdir.
Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan öz tarixi idealları istiqamətində addımlar atmağa başlayıb. Qərbi Azərbaycanın regionda və dünyada tarixi və siyasi müzakirəsinə yol açdı. Zəngəzur dəhlizinin açılması üçün diplomatik təşəbbüslər edir. Bunu mədəniyyətin və tarixinin üzərinə qoyduğu məsuliyyətə əsaslanaraq edir. Gücünü özündən, öz mədəniyyətindən alır. Görünür ki, mədəniyyət və tarix bir xalqın siyasətini, ticarətini, ordusunu və bütün həyatını formalaşdırır.
Ona görə də böyük Azərbaycan mədəniyyətinin 25 ildən sonra öz regionunda böyük dövlət olacağını proqnozlaşdırıram. Azərbaycanda fəaliyyət göstərdiyim beş il ərzində Türkiyə mədəniyyətini Azərbaycanda tanıtmağa çalışdım. Azərbaycanın yüksək səviyyəli incəsənət və elm adamları, media mənsubları ilə ciddi dostluq əlaqələri quraraq Türkiyəni təmsil etdim. Mən hesab edirdim ki, hər bir azərbaycanlı qardaş Türkiyənin yüksək sənətini, elmini yaxından tanımalı, Türkiyə ilə birgə iş görməlidir.
Türkiyənin yüksək səviyyəli sənət adamlarını, elm adamlarını Azərbaycanın dəyərli və mehriban, dünya səviyyəli sənətçiləri və elm adamları ilə bir araya gətirməyə çalışdım. Onları bir-biri ilə dostlaşdırmağa çalışdım. Çünki səmimi və həqiqi dostluqlar qurulanda ölkələr arasında ünsiyyət, qarşılıqlı əlaqə yüksək səviyyədə olur.
Azərbaycan-Türkiyə münasibətləri hər zaman önəmli olub. Lakin qəhrəman Azərbaycan ordusunun şanlı Qarabağ Qələbəsindən sonra bu, daha strateji münasibətə çevrildi. Qarşımızda tarixi fürsət var. Azərbaycanın qəsb olunmuş tarixi hüquqları əldə edilməli və Azərbaycan vasitəsilə regionda sülh bərqərar edilməlidir. Türkiyə Azərbaycanla birlikdə Türk Dünyasında nüfuzunu artırmalı, böyük Türk Ailəsini hər sahədə dəstəkləməli, dil və mədəniyyət birliyini təmin etməlidir. Mədəniyyət və torpaq oğrularına qarşı diqqətli olmaqla tarixi hüquqlarımızı qoruduğumuz kimi, üçüncü dövlətlərin xaotik manevrlərinə yol vermədən gələcəyimizi də qurmalıyıq. Azərbaycan və Türkiyə bu sahədə yüksək təcrübələri ilə Qafqazda sülhü bərqərar edəcək, Böyük Türk Ailəsini birlikdə quracaqlar.
- Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələri necə qiymətləndirirsiniz? Bu sahədə nə kimi layihələriniz var?
- Prezidentlərimiz cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev arasında çox xüsusi münasibət var. Təbii ki, bu, qardaşlıq qanununun yüksək rəmzidir. Hər iki lider nəyi, harada və necə edəcəyini çox yaxşı bilirlər. Mədəniyyət nazirliklərimiz, səfirliklərimiz, mədəniyyət mərkəzlərimiz və bir çox başqa qurumlar vasitəsilə Türkiyə ilə Azərbaycan arasında ortaq proqramlar həyata keçirilir. Bildiyiniz kimi, mən Azərbaycanda ədəbiyyat, kino, teatr, musiqi, moda, rəssamlıq kimi bir çox sahədə Türkiyəni mədəni şəkildə təbliğ edən proqramlar hazırlamışam.
Mən ölkənin ən görkəmli rəssamları, rejissorları, aktyorları, yazıçıları, şairləri, jurnalistləri, müğənniləri və modelyerləri ilə birlikdə Azərbaycanın ən nüfuzlu mədəniyyət məkanlarında fəaliyyət göstərmişəm. Türkiyənin tanıdılmasında mühüm rol oynadım. Eləcə də azərbaycanlı sənət adamlarının, elm adamlarının Türkiyədəki fəaliyyətlərini dəstəkləyərək Azərbaycanı yüksək səviyyədə tanıtmağa çalışdım.
- Bundan sonrakı fəaliyyətiniz haqqında bilmək istərdik.
- Vəzifə heç vaxt bitmir! Təbii ki, Azərbaycanı, Türk Dünyasını sevgi ilə sevən, Böyük Türk Ailəsini düşünən insanın vəzifəsi heç vaxt bitmir. Azərbaycanın Türkiyənin mədəniyyət dairələrində daha çox tanınması üçün çalışmağı planlaşdırıram. Mən hər mənada Azərbaycanın Türkiyədə tanıdılması, onun mədəniyyətinin, tarixinin türk cəmiyyətinə yüksək səviyyədə tanıdılması istiqamətində ciddi işlər görməyi düşünürəm. Mən Türkiyə və Azərbaycanın strateji mədəni müttəfiqliyinə böyük əhəmiyyət verirəm.
- Azərbaycan sizin üçün nə deməkdir? Burada sizi ən çox nə təəccübləndirdi? Nələr xoşunuza gəldi? Hansı təcrübələri əldə etdiniz?
- Bir az öncə dediyim Azərbaycan mənim ürəyimdəki şah damarıdır. Bu sadə söz deyil. Ürəkdən gələn sevgi əlamətidir. Azərbaycan xalqı dünyanın ən mədəni, ən ləyaqətli xalqıdır. Xeyirxah və nəzakətli insanlar mənim üçün dəyərlidir. Azərbaycan xalqının öz adət-ənənələrindən gələn bir xeyirxahlığı var. Onlar çox diqqətlidirlər. Azərbaycan xalqı insani münasibətlərdə diqqətə böyük önəm verir. Onların öz ənənələri, tarixləri və mədəniyyətləri ilə sıx bağlı olması da mənim üçün çox vacib idi. Çünki insanları olduğu kimi cəmiyyətləri də yaradan ənənələrdir.
Bilirsinizmi, mən Azərbaycanı o qədər səmimi və ürəkdən sevirəm ki, bu sevgidə cənab Prezident İlham Əliyevin də rolu böyük oldu. Azərbaycanla bağlı hər şeyə aşiq olmuşam, hətta uşaq vaxtı da sevmişəm.
Azərbaycan mənim həyatımda böyük iz buraxdı. Birincisi, mənə daha sakit yaşamağı və özümə vaxt ayırmağı öyrətdi. Nə olursa olsun, azərbaycanlı qardaşlarımız özlərinə vaxt ayırır, özlərinə, dostlarına, yaxınlarına dəyər verirlər. Özünə vaxt ayırmaq gözəl şeydir! Mən bunu Azərbaycanda başa düşdüm. İkincisi, yüksək bədii zövqə malikdirlər. Onlar kinoya, konsertə, teatra baxmağa gedəndə toya gedirmiş kimi zövqlə geyinirlər.
Bu yüksək mədəniyyət Azərbaycan xalqının öz mədəniyyətindən qaynaqlanır. Azərbaycanlılar yüksək bədii zövqə malik dünyanın birinci dərəcəli insanlarıdır. Zövqlü, mədəni insanlarla yaşasanız, bütün həyatınız dəyişəcək, gözəlləşəcək. Azərbaycan mənim həyatımı rəngləndirdi, bir günəş şüasından daha çox ürəyimi isitdi.
- Azərbaycanda fəaliyyət göstərməyiniz sizə nələri qazandırdı?
- Azərbaycanda nazirlər, millət vəkilləri, dövlət qulluqçuları, yüksək səviyyəli sənət adamları, elm adamları ilə çox yaxın münasibətlərim olub. Hamısı ilə yaxın dost oldum. Deyə bilərəm ki, mən azərbaycanlının necə düşündüyünü, onu sevindirən və ya nəyin kədərləndirdiyini bilirəm. Axı hər şey səni tanımaqdan başlayır. Türk ədəbiyyatının məşhur hekayəçilərindən olan Sait Faiq "Yalnızlıq dünyanı bürüdü. Sevmək, hər şey insanı sevməkdən başlayır" deyir. Bu deyimi belə dəyişirəm: "Burada Azərbaycanda hər şey bir insanı sevməkdən başlayır. Azərbaycan isə insanı əbədiyyətə qucaqlayır!.." Azərbaycan xalqı mənə yenidən sevməyi, dəyər verməyi, xeyirxahlığı öyrətdi. Başa düşdüm ki, bütün çətinliklərə baxmayaraq, həyat hələ də gözəldir.
Bu, şübhəsiz ki, mənə Azərbaycan xalqının, sənətkarının, mədəniyyətinin xeyir-duası idi.
Çox sağ olun, əziz Azərbaycan!
Çox sağ olun, əziz Azərbaycan xalqı!