Bakı. Trend:
Strasburq, Brüssel, Berlin, Madrid, Vyana, Riqa, Leapaya, Tallin və Praqa şəhərlərindən sonra 17-18 may 2025-ci il tarixlərində “Azərxalça” ASC istehsalı Azərbaycan xalçalarından ibarət "Gözəlliyin harmoniyası. Azərbaycan xalçalarının zamansız zərifliyi" adlı sərgisi Kişinyov şəhərində nümayiş olundu. Bu “Azərxalça” ASC – nin Azərbaycanın zəngin mədəni irsi, milli mənəvi sərvətimiz hesab olunan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə 2025-ci ildə baş tutması planlaşdırılan sayca ikinci sərgisidir. Sərgi Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi, “Azərxalça” ASC və Kişinyov Milli Tarixi Muzeyinin təşkilatçılığı ilə 18 may Beynəlxalq Muzeylər günüdə baş tutub.
Tədbirdə Moldova Respublikası Hökumətinin və Parlamentinin üzvləri, Moldovadakı diplomatik nümayəndəliklərin rəhbərləri, Moldova Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyət və mətbuatın nümayəndələri iştirak edib.
Sərginin kolleksiyasına müxtəlif ölçülü, fərqli xalçaçılıq məktəblərinə aid həm müasir, həm də klassik üslubda toxunmuş 21 yun və ipək xalça daxildir. Kolleksiyaya həmçinin “Azərxalça” ASC və rəssam Samirə Allahverdiyevanın birgə işi “Bağçada meyvələr” xüsusi kolleksiyasına daxil, 3D üslubunda hazırlanan üç xalça da daxildir.
Qonaqları açılış nitqi ilə Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev salamladı. Səfir bildirdi ki, Azərbaycan xalçaçılıq sənəti UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin bir hissəsi kimi tanınan bədii sənətkarlığın ən qədim növlərindən biridir. Zaman keçdikcə bu sənət Azərbaycanın milli kimliyinin ayrılmaz hissəsinə çevrilib. Qeyd olundu ki, müasir dövrdə Azərbaycan xalçaçılıq sənətinin inkişafını dövlət dəstəyi və mədəni irsin qorunmasına strateji yanaşma olmadan təsəvvür etmək mümkün deyil. Bu prosesdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu vurğulandı. Ülvi Baxşəliyev bildirdi ki: “Azərbaycanda olduğu kimi Moldovada da xalça qədimdən gündəlik həyatın bir parçası, rahatlıq, gözəllik və ailə istiliyinin simvolu hesab olunur. Naxışlar, texnika və materiallar fərqli olsa da, mahiyyət dəyişməz qalır: xalça sadəcə parça deyil. Sərgi mədəni dialoq üçün gözəl fürsətdir”.
Daha sonra söz Moldova Mədəniyyət Naziri Sergiu Prodan verildi. Nazir çıxışı zamanı bildiri ki, sərgi sadə, mədəni təqdimatdan daha çox məna kəsb edir. Qeyd olundu ki, bu, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında səmimi və perspektivli dialoqun nəticəsidir, mədəniyyət xalqlar arasında ən davamlı körpüdür. Cənab Prodan bildirdi ki: “Bizim adət-ənənələrimiz arasındakı bu yaxınlıq çox qiymətlidir. Moldova dövləti iki xalq arasında oxşarlıqları, eyni zamanda tanınmağa və qeyd olunmağa layiq olan xüsusiyyətləri kəşf etməkdə maraqlıdır. Məhz buna görə də Mədəniyyət Nazirliyi ölkələr arasında dostluğun və qarşılıqlı hörmətin möhkəmlənməsinə töhfə verən bu qəbildən mədəni mübadilələri dəstəkləyir və təşviq edir”.
"Azərxalça" ASC İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov da tədbirdə çıxış edərək, iki ölkə arasında mədəni mübadilənin vacibliyini qeyd edərək, sənətin sərhəd tanımadığını və insanların mənsubiyyətindən asılı olmayaraq bir-birini birləşdirdiyini vurğuladı. 100 illik “Azərxalça” ASC tarixindən söz açan sədr bildirib ki, qurumun tarixi boyunca ən böyük məqsədi Azərbaycan xalçaçılıq sənətinin inkişafı, təbliğat və təşviqatı olub. Bu məqsədlə təşkil olunmuş və 2-4 may tarixlərində Bakıda baş tutan, dünyaya səs salan Beynəlxalq Xalça Festivalından tədbir iştirakçılarına xəbər verildi, sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalardan söz açıldı. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb.
Tədbiri öz çıxışı ilə Moldova Tarixi Muzeyinin direktoru Eugeniu Sava davam etdirdi. Direktor sərgini muzey tarixində baş verən ən önəmli hadisələrdən biri kimi qiymətləndirdi. Qeyd olundu ki, sərginin Beynəlxalq Muzeylər günündə qeyd olunması isə təsadüfi deyil. “Həm Azərbaycanda, həm Moldovada xalça məişət əşyası olmaqla yanaşı milli mənəviyyatın, mədəniyyətin bir hissəsidir. Hər iki ölkədə xalçalar həm də muzeylərin bəzəyidir”. Sonda cənab Sava “Azərxalça” ASC, PAŞA Holdinq və Kapital bank tərəfindən hədiyyə olunan xüsusi və dəyərli xalçalara görə təşəkkür etdi.
Xatırladaq ki, muzeylər günüdə təşkil olunan sərgidə Kişinyov Milli Muzeyinə “Azərxalça” ASC və “AFFFAIR”-in birgə yaratdığı “Mədəni irsə yeni baxış” müasir xalça kolleksiyasına aid iki xalça hədiyyə olunub. “Pazırıq” xalçası muzeyə Kapital bank, “Ovçuluq” xalçası isə PAŞA Holdinq tərəfindən hədiyyə olunub.
Tədbirin rəsmi açılışından sonra izləyicilərə xalça kolleksiyasından nümunələr təqdim olunub. Sərgini izləməklə yanaşı tədbir iştirakçıları klassik Azərbaycan xalçasının toxunmasında iştirak edib, “Azərxalça” ASC -nin toxucusu ilmə atmaq istəyən hər kəsə bu işdə köməkçi olub. May ayının 17- də baş tutan açılışda və ustad dərslərində Kişinyov Milli Tarixi Muzeyinə 10600 nəfərdən çox adam baş çəkib.
Kişinyovda təşkil olunan sərginin qapıları bir ay ərzində ölkə vətəndaşları, ölkəyə səyahət edənlər və bütün xalça sevərlər üçün açıq olacaq, burada maraqlananlara həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcəkdir. Xalçalarla yanaşı, Azərbaycanın xalçaçılıq sənətinə həsr olunmuş foto sərgi də ziyarətçilərə təqdim olunacaq.