Əlcəzair. Trend:
İslam İnkişaf Bankı Qrupunun (IsDB) Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində 13-cü IsDB Gənclərin İnkişafı Forumu başa çatıb.
Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.
2025-ci il forumu bankın gənclər qanadı tərəfindən, qadınların və gənclərin səlahiyyətləndirilməsi şöbəsinin əlaqələndirilməsi ilə təşkil olunub. Tədbirin mövzusu “Gələcəyə hazırlıq: gənclərin məşğulluğunu artırmaq üçün bacarıqlar və həllər” olub.
Forumun məqsədi gənclərin məşğulluğu yolunda sistemli maneələri aradan qaldırmaq, gənclərin məhsuldarlığını artırmağa yönəlmiş siyasət və investisiyaları təşviq etmək, eləcə də yerli innovativ həlləri nümayiş etdirməklə gənclərin rolunu gücləndirməkdir. Diqqət təkcə iş yerlərinin əlçatanlığına deyil, həm də əlavə dəyər yaradan iqtisadi transformasiya proseslərinə gənclərin cəlb edilməsinə yönəlib.
Forumun əsas vəzifələri məhsuldar məşğulluğun irəlilədilməsi, qəbul olunmuş siyasətlərin tətbiqinə dəstək, gənclərin iştirakı üçün miqyaslana bilən modellərin nümayişi və çoxtərəfli əməkdaşlığın inkişafıdır. Tədbir çərçivəsində gələcək çağırışlara hazır işçi qüvvəsinin formalaşdırılması, gənclərin innovasiyalarının genişləndirilməsi və gənclərin məşğulluğu sahəsində institusional və siyasi islahatların təşviqi kimi mövzularda müzakirələr aparılacaq.
Forumun gözlənilən nəticələrinə - siyasi dialoqun aktivləşdirilməsi, ən yaxşı praktikaların nümayişi, tərəfdaşlıqların gücləndirilməsi və gənclərin töhvəsinin nəzərəçarpanlığını artırmaqdır. Forum IsDB üzv dövlətlərində gənclərin dayanıqlı və əhəmiyyətli məşğulluğu ilə bağlı aktual məsələlərin müzakirəsi üçün müasir platforma kimi xidmət göstərir.
İslam İnkişaf Bankının (IsDB) əməliyyatlar üzrə vitse-prezidenti Rami Əhməd çıxış edərək bildirib ki, gənclərin işə yararlılığının artırılması üçün yeni iş yerləri yaradacaq ekosistemlər qurmaq vacibdir.
“Biz arzuladığımız gələcəyi sakitcə hərəkət etməklə qurmaq mümkün olmayacaq. Müasir çağırışlar sektorlararası yanaşma və gənclərin mərkəzləşmiş liderliyini tələb edir. Məhz gənclər lider mövqeləri tutmalıdırlar – sadəcə iştirakçı kimi yox, öz gələcəklərinə yön verəcək qərarların həmmüəllifi kimi.
“Mən karyerama illər əvvəl İslam İnkişaf Bankında gənc mütəxəssis kimi başladım və institutların inklüzivliyə şüurlu yanaşdığı zaman hansı nəticələrə nail olmağın mümkün olduğunu şəxsi təcrübəmdə gördüm. Gənclərə inam təkcə siyasət deyil, həm də praktikada həyata keçirilən prinsipdir”, – o bildirib.
Əlcəzairin gənclər naziri Mustafa Hidaoul isə öz növbəsində qeyd edib ki, İslam İnkişaf Bankı (IsDB) çərçivəsində gənclərin bu gün üzləşdiyi ümumi problemlərin birgə həlli yollarını tapmaq vacibdir.
“Bu forum bizim, əlcəzairlilər üçün, eləcə də, dünyanın bütün gəncləri üçün ilhamverici bir tarixə – 19 may gününə təsadüf edir. Məhz bu gün əlcəzairli tələbələr milli-azadlıq inqilabına qoşularaq enerjiləri, yaradıcılıqları və milli işin ədalətinə inanmaları sayəsində müstəqillik uğrunda mübarizəyə böyük töhfə verdilər və nəticədə ölkə müstəmləkəçilik zülmündən qurtuldu.
Əlcəzairin azadlığı uğrunda savaşan gənclərin qəlbini dolduran eyni iradə və ruh bu günün nəsli üçün də səciyyəvidir. Müasir Əlcəzair gəncliyi yeni imkanlara malikdir. 2019-cu il xalq hərəkatından sonra biz ölkənin inkişafında cəmiyyətin ən enerjili təbəqəsi – gənclərin fəal roluna əsaslanan yeni kursun şahidi olmuşuq”, – nazir deyib.
Əlavə olaraq Əlcəzairin peşəkar tədris və təhsil naziri Yasin Əl-Mehdi Valid qeyd edib ki, İslam İnkişaf Bankına üzv dövlətlər “yaşıl” iqtisadiyyata keçidə rəhbərlik etmək kimi unikal şansa malikdirlər.
“Elmə və təhsilə yatırılan investisiyaların səmərəliliyi Sinqapur kimi bir çox ölkələrdə özünü təsdiqləyib. Ən böyük kapitalımız gənclərimiz və onların potensialıdır”, – deyə nazir vurğulayıb.
O, bu sahədə, xüsusilə də peşə təhsilini əmək bazarının tələbləri ilə əlaqələndirən proqramların dəstəklənməsi vasitəsilə İslam İnkişaf Bankının fəal rolunu qeyd edib. Uğurlu nümunələr sırasında regional səviyyədə İndoneziyada həyata keçirilən rəqəmsal hazırlıq proqramı var ki, bu proqram 150-dən çox iştirakçının rəqəmsal məşğulluq bazarına çıxışına şərait yaradıb. Habelə Özbəkistanda peşə təhsilinə süni intellekt və robototexnikanın tətbiqi ilə bərabər biznes-inkubatorların yaradılması diqqətəlayiqdir.
“Ümid edirik ki, belə əməkdaşlıq formaları Əlcəzairdə də reallaşacaq”, – deyə o əlavə edib.