...

AzMİU-nun tədris və tədqiqat imkanları genişlənir (FOTO)

Cəmiyyət Materials 19 May 2025 16:31 (UTC +04:00)
AzMİU-nun tədris və tədqiqat imkanları genişlənir (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tədris və tədqiqat infrastrukturunun müasirləşdirilməsi istiqamətində daha bir mühüm addım atılıb. BP şirkətinin maliyyə dəstəyi ilə universitetdə tam təchiz edilmiş üç yeni laboratoriya istifadəyə verilib.

Yeni laboratoriyalar AzMİU-da mühəndislik sahəsində innovativ yanaşmaların və müasir tədris metodlarının tətbiqinə, eləcə də tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına xidmət edir. Bu təşəbbüs BP-nin AzMİU-ya daha öncə təqdim etdiyi laboratoriyalara əlavə olaraq universitetin texniki bazasının genişləndirilməsinə yönəlib.

Yeni istifadəyə verilən laboratoriyalar aşağıdakılardır:

Ventilyasiya, su təchizatı və istilik texnikası laboratoriyası – Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasına təqdim edilib;

Nasos və nasos qurğuları laboratoriyası – Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasına təqdim edilib;

Daxili yanma mühərrikləri və hidravlik intiqal laboratoriyası – Texnoloji maşın və avadanlıqlar kafedrasına təqdim edilib.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli açılış mərasimində çıxış edərək bildirib: “İxtisaslaşdırılmış tədris obyektlərinin, infrastrukturun və avadanlıqların mövcudluğu tədris prosesinin müasirləşdirilməsində əsas rol oynayır. Bu, ölkə üçün yeni nəsil memar və inşaat mühəndislərinin yetişdirilməsinə zəmin yaratmaqla, qabaqcıl beynəlxalq təcrübələrdən, rəqəmsal vasitələrdən və müasir texnologiyalardan istifadə edərək yeni tədris və təlim metodlarının tətbiqinə imkan verir. Çox məmnunuq ki, AzMİU-nun texniki imkanlarının artırılmasını dəstəkləmək, ümumilikdə isə Azərbaycanda yüksək keyfiyyətli təhsilin və elmi tədqiqatların inkişafına töhfə vermək imkanımız var.”

Layihənin ümumi dəyəri 170 245 AZN (təxminən 100 144 ABŞ dolları) təşkil edir. Bu məbləğə bütün laboratoriya avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması, həmçinin, yeni qurğu və texnologiyalardan səmərəli istifadəni və onlara lazımi texniki xidmətin göstərilməsini təmin etmək üçün universitet heyətinə hərtərəfli təlimin keçilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti