Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəmizə müşahidə missiyası göndərəcək.
Trend-in məlumatına görə, bu barədə Seçki-2015.az saytına açıqlamasında TDƏŞ baş katibi Ramil Həsənov məlumat verib.
R.Həsənov bildirib ki, müşahidə missiyası 14 nəfərdən ibarətdir. Onun sözlərinə görə, missiya oktyabrın 28-də Azərbaycana gələcək və səfər noyabrın 2-dək davam edəcək: "Müşahidə missiyasının rəhbəri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Ömər Kocamandır. Missiyaya Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ofisindən və Beynəlxalq Türk Akademiyasından nümayəndələr daxildir. Müşahidə missiyamız Bakıda və Gəncədə seçkilərin gedişini izləyəcək. Noyabrın 2-də missiyanın üzvləri seçkilərin yekunlarına dair mətbuat konfransı keçirib rəylərini açıqlayacaqlar".