Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf strategiyası hazırlanıb.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, AMEA-da islahatların həyata keçirilməsi, bir sıra yeniliklərin tətbiqi üçün yaxın dövr - 2020-2025-ci illər üçün inkişaf strategiyasının hazırlanması lazım idi:
“Artıq bir aydan çox idi ki, akademik R.Mehdiyevin rəhbərliyi altında işçi qrup AMEA-nın 2020-2025-ci illər üçün inkişaf strategiyasının hazırlanması üzərində iş aparıb. Artıq bu iş tamamlanıb. Yaxın 5 il üçün inkişaf strategiyası ümumi yığıncaqda müzakirə edilib. Bu, əslində akademiyada yeni islahatlar mərhələsinin başlaması deməkdir. Həmin strategiya müzakirə olunub qəbul edildikdən sonra yeni islahatlar dalğasına start veriləcək”.