Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Özbəkistanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxonovla görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Komitə sədri Fuad Muradov 30 ilə yaxın müddətdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək barədə beynəlxalq öhdəliklərə əməl etməməsi və torpaqlarımızda təxribat törətmələri ilə bağlı məlumat verib. O bildirib ki, Ermənistan ərazisindən Azərbaycanın qədim şəhəri Gəncədə çoxmənzilli yaşayış binalarının raket zərbəsinə məruz qalması, mülki şəxslərin, uşaqların qətlə yetirilməsi soyqırım və vandalizm aktı kimi qiymətləndirilməlidir.
Görüşdə həmçinin xaricdə yaşayan azərbaycanlıların informasiya müharibəsində iştirakı, beynəlxalq ictimaiyyətə etdikləri çağırışlar diqqətə çatdırılıb.
Səfir cəbhəboyu ərazidə, eyni zamanda işğal olunmuş Azərbaycan torpaqlarından çox uzada yerləşən Gəncə şəhərində baş verənləri diqqətlə izlədiyini və beynəlxalq hüquq normalarının pozulmasından narahatlığını ifadə edib.
Görüşdə Azərbaycanın uğurlu diaspor siyasəti, son illər həyata keçirilən layihələr, Azərbaycan Diasporuna Dəstək Fondunun, müxtəlif ölkələrdəki Koordinasiya Şuraları və Azərbaycan evlərinin, diaspor təşkilatlarının iş prinsipləri, türkdilli diasporların birgə fəaliyyəti barədə danışlıb, qarşlıqlı fikir mübadiləsi aparılıb.
Səfir Bahrom Aşrafxonov ölkələrimizi birləşdirən dərin mədəni-tarixi köklər və Azərbaycanla Özbəkistan arasındakı əbədi dostluq münasibətlərini xatırladıb, eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin yeni və əhəmiyyətli layihələrindən bəhrələnəcəklərini dilə gətirib.
Görüşdə konsul Abdulaziz Vahidov və səfirliyin birinci katibi Bahram Qaipov da iştirak edib.