...

Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)

Gündəm Materials 20 Yanvar 2021 18:32 (UTC +04:00)
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)

Bakı. Trend:

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu işğaldan azad edilmiş ərazilərin su təminatı, çayların sularının bərpası və kənd təsərrüfatı təyinatlı torpaqların suvarılması mövzusunda reportaj hazırlayıb.

Trend-in məlumatına görə, birinci Qarabag müharibəsi zamanı işğal olunan şəhərlər, rayonlar və kəndlərlə yanaşı, milli sərvətlərimiz də ermənilərin nəzarətinə keçmişdi. Ermənilər çaylarımızın və digər su mənbələrimizin qarşısını kəsərək cəbhəboyu ərazilərdəki torpaqları, əhalini susuz qoymuşdu.

Ən ciddi problem əhalinin içməli və təsərrüfat suyuna olan təlabatında yaranmışdı. 44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatmasından sonra mənbəyini Qarabağ dağlarından götürən çaylar, göllər və su anbarları da işğalçılarının nəzarətindən azad olundu. Bundan sonra Kiçik Qafqazın Qarabağ silsiləsinin şərq yamacından axan Xəlfəli çay ilə Zarıslıçayın qovşağından yaranan Qarqarçayın suyu gələcək. Qarabağ silsiləsinin şərq hissəsindən axan Kirmanşah, Xəlfəli və Zarıslı çaylarının birləşməsindən əmələ gələn çayın uzunluğu 115 kilometr, sahəsi 1490 kvadrat kilometrdir. Ermənilərin suyun qarşısını kəsməsi xüsusilə ağdamlı fermerlər üçün uzun illərdir problem yaradırdı.

Ermənilərin işğalı dönəmində Xaçınçayın suyu da cəbhə xəttindən bu yana keçmirdi. Ermənilər çayın qarşısını rayonun işğal altında olan Xaçıntikinti qəsəbəsində yerləşən su anbarından bağlamışdılar. Uzunluğu 119 klometr olan Xaçınçay Qarabağda yerləşən Şahyurd, Uyuxlu, Çiçəkli və Alaqaya dağlarından başlayan bulaqların birləşməsindən əmələ gəlir. Çayın üzərində su tutumu 23 milyon kub metr olan su anbarı var. Bu çayın da suyunun qurudulması torpaqların bir hissəsinin susuz qalmasına və yeraltı suyun səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdu.

Artıq azad edilən torpaqlarda su təsərrüfatının bərpası istiqamətində sürətli işlərə başlanılıb. Tezliklə bütün su mənbələri tam bərpa ediləcək və Qarabağ bölgəsinin torpaqlarına yeni həyat gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti