...

Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib (FOTO)

Gündəm Materials 19 Avqust 2021 18:06 (UTC +04:00)

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla idarə əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən konfessiyaların nümayəndələri iştirak edib.

Aşura günü münasibəti ilə Qafqaz müsəlmanları adından Azərbaycan müsəlmanlarına və dünya müsəlmanlarına başsağlığı verən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman övladlarımıza Allahdan rəhmət diləyib, ailələrinə və yaxınlarına səbr, dəyanət arzulayıb, qazilərimizə şəfa diləyib.

Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, İslam aləmində təziyə günü olan Aşuranı ölkəmiz müstəqillik əldə etdikdən bəri biz ilk dəfədir ki, qalib xalq kimi qeyd edirik. Öz milli-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycan xalqı Allahın izni, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və onun yaxın silahdaşı Mehriban xanım Əliyevanın qətiyyəti, Ordumuzun rəşadəti sayəsində torpaqlarımızı erməni işğalından azad etdi. 44 günlük Vətən savaşında tarixi qələbəmiz sayəsində əzəli ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, Şuşa və Ağdam məscidlərinin minarələrindən səslənən azan sədaları Ana Vətən yolunda şəhadətə yetənlərin mənəvi qələbəsini simvolizə edir.

Aşura günündə tibbi ehtiyacı olanlara qan vermək təşəbbüsünün cəmiyyətdə müsbət qarşılandığını xatırladan Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda yaşayan digər konfessiyaların təmsilçiləri də bu xeyirxah aksiyada yaxından iştirak edirlər. Bu amilin özü də ölkəmizdə din-dövlət münasibətlərin yüksək səviyyədə, dünyaya örnək şəkildə qurulduğunun bariz nümunəsidir. Şeyxülislam həzrətlərinin sözlərinə görə, bu gün uğurla davam etdirilən bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Xalqımızın dini və milli-mənəvi dəyərlərinə bağlı olan Ulu Öndərin Təzə Pir məscidində keçirilən Aşura mərasimində iştirakını xatırladan QMİ sədri bildirib ki, həmin gün Heydər Əliyevin səsləndirdiyi tövsiyələr, xalqımızı birliyə çağıran fikirlər bu gün onun sadiq davamçısı İlham Əliyev cənabları tərəfindən həyata keçirilir.

Məhərrəmlik mərasimlərinin dünyada tüğyan edən koronavirus pandemiyası dövrünə təsadüf etdiyini vurğulayan Şeyxülislam həzrətləri dindarları Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyə, xalqımızı pandemiya ilə mübarizədə ən təsirli vasitə sayılan peyvəndlərin vurulmasında daha fəal iştirak etməyə çağırıb.

QMİ sədri xalqımızın rifahı, dövlətimizin daha da qüdrətlənməsi üçün dualar edib, Allahdan dövlət rəhbərimizin Azərbaycanın gələcəyi naminə fəaliyyətinə rəvac verməsini diləyib.

Mərasimdə Dağ yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin təmsilçisi Konstantin Pimonov, Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski iştirak ediblər.

Qeyd edək ki, Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin Səhiyyə Nazirliyi ilə birgə keçirdiyi qanvermə aksiyası gün ərzində Bakıda və rayonlarda təşkil olunan məntəqələrdə davam edib. Toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti