Bakı. Trend:
Bu gün Gəncəyə uzaqmənzilli raketlərin atılması nəticəsində baş vermiş ilk terror hadisəsinin birinci ildönümü qeyd edilir. Təəssüflər olsun ki, 2020-ci ildə Qarabağda Azərbaycanın rəşadətli ordusunun qələbəsi və uğurlarına tab gətirə bilməyən ermənilər ötən ilin oktyabrın 4-də növbəti hərbi cinayətə əl atdılar. Döyüş bölgəsindən uzaq məsafədə yerləşən şəhər və kəndləri, qəsəbələri, xüsusilə də Gəncə şəhərini hədəfə aldılar. Ermənistanın istifadə etdiyi qadağan olunmuş uzaqmənzilli raketlər dinc əhalinin sıx yaşadığı əraziyə düşdü. Nəticədə, bir nəfər şəhid oldu, çoxlu sayda Gəncə sakinləri isə yaralandı. Ermənilərin hücumu təşkil etməkdə əsas məqsədi azərbaycanlıları təşvişə salaraq, əhalini gərginlik içində saxlayaraq və xaos yaradaraq müharibənin sonlandırılmasına nail olmaq idi.
Trend-in məlumatına görə, bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, 2020-ci ilin sentyabrın 27-də başlayan haqq savaşında Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdi və hər kəs ordunun qələbə çalacağına, erməni işğalına son qoyacağına inanırdı: “Bu raket hücumundan sonra isə gəncəlilər və ümumilikdə Azərbaycan xalqı Prezident İlham Əliyevə daha aktiv formada həmrəylik mesajları ötürdülər və törədilmiş terrorun qisasının alınmasını istədilər. Şükürlər olsun ki, ötən ilin məhz həmin günündə Cəbrayıl rayonu Ermənistan işğalından azad olundu və Gəncə terrorunun qisası alındı. Oktyabrın 3-də isə Azərbaycan ordusu Suqovuşanı azad etmişdi. Yəni, Gəncə terroru rəşadətli Azərbaycan ordusu Suqovuşanı azad etdikdən sonra törədilmişdi. Doğrudan da, Azərbaycan bir il bundan əvvəl şərəfli tarix yaşadı. Xalqın həmin günlərdə göstərdiyi birlik və dözümlülük növbəti qələbələri şərtləndirən əsas amillərdən biri oldu".
N.Həmzəyev, həmçinin qeyd edib ki, həmin ərəfədə Türkiyə Azərbaycana hərtərəfli dəstək göstərib: “Türkiyə dövləti informasiya müharibəsində də bizə ciddi dəstək göstərdi. Gəncə terroru zamanı biz Şəhidlər xiyabanında dəfn mərasimində idik. Xəbər yayılandan sonra, hər kəs hadisə yerinə gəldi. Ermənilərin törətdiyi növbəti cinayəti dünyaya doğru-düzgün və vaxtında çatdırmaq üçün media nümayəndələri də hadisə yerində idilər. O zaman xarici media nümayəndələri, xüsusilə də qardaş Türkiyədən olan jurnalistlər yerli media nümayəndələri ilə birlikdə Azərbaycanın haqq səsini dünyaya çatdıra bildilər, hadisələri birbaşa yerindən canlı yayımlamaqla dünyaya nümayiş etdirdilər".