Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq
və tövsiyələrinə uyğun olaraq Azərbaycan Prokurorluğu beynəlxalq
tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlığını
həyata keçirməklə yanaşı çoxsaylı qlobal və regional təşəbbüslərdə
fəal iştirak edir.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, regionumuzda baş verən çağırışlara və təhdidlərə qarşı mübarizədə, mövcud potensialın inkişafında və qarşılıqlı təcrübə mübadiləsində tərəfdaş ölkələrin prokurorluq orqanları ilə əlaqələrin yeni formatda təşkili cinayətkarlığa qarşı mübarizə üzrə birgə səylərin gücləndirilməsinə və daha effektiv təşkili üçün mühüm amil hesab edilir.
2021-ci ilin noyabrın 1-də Bakıda təsis edilmiş Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurası çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə cari ilin avqustun 8-də “Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi: mövcüd vəziyyət və çağırışlar” mövzusunda beynəlxalq seminar keçirilib.
Seminarda Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikalarının baş prokurorluqlarının nümayəndə heyətləri, həmçinin Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini iştirak edib.
Qonaqlarla görüşən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla, keçiriləcək seminarın regional təhlükəsizlik, sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.
Seminarın açılış mərasimində çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov və Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini Qismət Gözəlov Şuraya üzv dövlətlərin prokurorluq orqanlarının gənc əməkdaşları üçün keçirilən seminarda ölkələrimizin prokurorluq və hüquq mühafizə orqanları arasındakı münasibətlərin genişlənməsinə öz müsbət təsirini göstərəcəyini vurğulamışlar.
Bakı Dövlət Universitetinin dosenti Sevinc Ruintən türk dövlətlərinin tarixi, qədim dövlətçilik ənənələri, milli mənəvi dəyərləri haqqında mühazirə ilə çıxıb edib.
Daha sonra seminar prokurorların təqdimat və çıxışları ilə işini davam etdirib, səmərəli fikir mübadiləsi aparılıb.
Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasına üzv dövlətlərin prokurorlarının ölkəmizə səfəri davam edir.