...

Alimlər təcrübədə nəzəri hissəcik - qravitona məxsus ola biləcək əlamətlər aşkarlayıb

Gündəm Materials 3 Aprel 2024 14:14 (UTC +04:00)
Alimlər təcrübədə nəzəri hissəcik - qravitona məxsus ola biləcək əlamətlər aşkarlayıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Çin, ABŞ və Almaniyadan olan tədqiqatçılar birgə aparılan beynəlxalq təcrübə zamanı ilk dəfə qravitasiya sahəsi kvantının - qravitonun mövcudluğunun əlamətlərini aşkar ediblər.

Qraviton anlayışı təxminən 100 il əvvəl formalaşıb və qravitasiya qarşılıqlı təsirinin daşıyıcı zərrəciyi hesab olunur. Qravitasiya dalğalarının mövcudluğu sübut edilsə də, qraviton indiyədək heç bir təcrübədə qeyd olunmayıb. İndi isə onun kəşf olunması ehtimalı yaranıb.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Təcrübənin aparılması üçün cihazınların quraşdılması və lazım olan şəraitin yaradılması prosesinə 3 il sərf olunub. Belə ki, tədqiq olunacaq material mütləq sıfıradək soyudulmalı və sadəcə nazik lazerlə təsir göstərərək materialın elektronlarının həyəcanlanması qiymətləndirilməli idi. İstənilən təcrübə zamanı instrumentlərin istilik yaratması materialın temperaturunun dəyişməməsi, demək olar ki, mümkünsüz idi.

Bu çətinliyə baxmayaraq Çinin Nanjinq Universitetinin alimləri -273,15 °C soyudulmuş təmiz qallium arsenid (GaAs) nümunəsindən istifadə edərək təcrübə aparıblar. Təcrübənin aparılmasında əsas maqsəd atom ölçüsü qalınlığında elektronların kondensasiyası effektini yaradaraq onların özünü maye kimi aparmasına nail olmaq idi. Daha sonra isə lazerlə şüalandırılan elektronların həyəcanlanmış halı qeyd olunaraq onların spini ölçülüb.

Məlumat üçün bildiririk ki, elektronun spini 1/2-ə bərabərdir. Qraviton isə sükunət kütləsi və yükü olmayan hipotetik zərrəcikdir və spini nəzəri olaraq 2 təyin olunub ki, bu xüsusiyyət onu unikal zərrəcik edir. Təcrübədən alınan bəzi zərrəciklərin spininin 2-yə bərabər olması qravitonun təcrübədən aşkarlanması üçün əsas yaradır.

Bu zərrəciyin kəşf olunması böyük birləşmə nəzəriyyəsinin problemlərini həll edəcək açar rolunu oynayır. Çünki hələ də klassik fizika ilə kvant fizikası arasında tam əlaqə yoxdur. Məhz qravitasiya qarşılıqlı təsirinin mahiyyətini dərk etməmək bu iki dünyanı birləşdirməyə imkan vermir.

Qeyd edək ki, tədqiqat işinin nəticələri “Nature” jurnalında dərc olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti