...

Çinin “Çayne-6” kosmik zondu Ayın görünməyən tərəfinə enib

Gündəm Materials 3 İyun 2024 13:53 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin “Sinxua” agentliyinin yaydığı məlumata əsasən iyunun 2-də “Çayne-6” zondu Ayın cənub qütbü yaxınlığında Apollon kraterində uğurlu eniş edib. Uçuşun əsas məqsədi Ay süxuru toplamaqdır.

Bu barədə Trend-ə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Zondun endiyi kraterin yaşı 4 milyard il, dərinliyi 13 km, diametri isə 2500 km-dir. Bu krater Ayın səthindəki ən yaşlı və böyük kraterlərdən biridir. Ola bilsin ki, zərbə zamanı daha ilkin və yaşlı material da səthə çıxmışdır.

Kosmik zond 3 may tarixində Vençan kosmodromundan buraxılmışdır. 4 gün sonra Ay orbitinə çatan zond enmə üçün əlverişli anı gözləyirdi. “Çayne -6” qazma işləri aparmaq üçün alətlər və süxuru toplamaq üçün robotik qollarla təchiz olunmuşdur. Cihaz müxtəlif mənbələrdən, xüsusilə də vulkanik aktiv ərazilərdən nümunələr götürməli, təxminən 2 kq Ay süxuru toplamalıdır. Toplanmış Ay süxurunun iyunun 25-də Yerə çatacağı planlaşdırılır.

Proqramda bir neçə xarici ölkə də iştirak edir və onların təqdim etdiyi müxtəlif detektorlar orbital və enmə modullarına quraşdırılmışdır. Əlavə olaraq Çin və Pakistan Universitetlərinin birgə hazırladığı “Icube-Q” kubsat da Ayın orbitinə buraxılacaqdır.

2020-ci ildə “Çayne-5” zondu Ayın görünən tərəfindən süxur toplayaraq uğurla geri dönmüşdür. Bu dəfə isə missiya daha çətindir, çünki zondla əlaqə saxlamaq üçün əlavə peykdən istifadə olunur, həm də zondun endiyi relyef daha mürəkkəbdir.

Qeyd edək ki, ABŞ ilə yanaşı Çin də 2030-cu ildə Aya kosmonavt göndərməyi planlaşdırır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti