...

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Kür və Araz çaylarında suyun səviyyəsinin artması ilə bağlı mürəkkəb vəziyyət yarandığını elan edib

Hadisə Materials 7 May 2010 12:29 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi son dövrlər yağan yağışlar, eyni zamanda, Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar, respublikanın ayrı-ayrı şəhər və rayonlarında mürəkkəb vəziyyət yarandığını elan edib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Kür və Araz çaylarında suyun səviyyəsinin artması ilə bağlı mürəkkəb vəziyyət yarandığını elan edib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi son dövrlər yağan yağışlar, eyni zamanda, Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar, respublikanın ayrı-ayrı şəhər və rayonlarında mürəkkəb vəziyyət yarandığını elan edib.

"Bir sıra ərazilərdə qrunt və yağış sularının yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin 800-dən yuxarı şəxsi heyəti, 186 ədəd texnika, 57 ədəd motopompa, 63 ədəd su nasosu vasitəsilə, həmçinin, rayon icra hakimiyyətlərinin müvafiq qüvvələri ilə birgə hadisə bölgələrində yaranmış vəziyyətin aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilir", - Trend cümə günü FHN-nin rəsmi saytına istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, nazirliyin qüvvələri və texnikası hazırda Şirvan şəhərinin Kür qırağındakı yaşayış massivləri, o cümlədən, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələri, Salyan rayonunun inzibati mərkəzi və Qaraçala qəsəbəsi, Kürqaraqaşlı, Ərəbqardaşbəyli, Çuxanlı, Seyidan, Qarabağlı, Pambıqkənd, Təzəkənd, Cəngan, Noxudlu kəndlərində həyətyanı sahələrdən suyun çəkilməsi, Kür çayı üzərində uzunluğu 500 metr olan bəndin bərkidilməsi işlərini reallaşdırırlar.

Həmçinin, Sabirabad rayonunun inzibati mərkəzi və Yolçubəyli, Həsənli, Cəngan, Kürkəndi, Narlıq, Balvar, Cavad, Yuxarı Axtaçı, Qasımbəyli, Muradbəyli, Türkədi, Əsgərbəyli, Dadaşbəyli kəndlərində, Saatlı rayonunun Novruzlu, Dəllər, Ağarəhimli, Kamallı kəndlərində, İmişli rayonunun inzibati mərkəzi və Məmmədli, Hacımustafalı, Telişli və Ağamalılar kəndlərində bəndbərkitmə işləri ilə yanaşı, həyətyanı sahələrdən suyun çəkilməsi operativ qaydada davam etdirilir.

Neftçala rayonunun inzibati mərkəzi, Bankə və Xıllı qəsəbələri, Aşağı Qaramanlı, Yenikənd kəndləri, Hacıqabul rayonunun Rəncbər, Abdulabad, Kolanı, Meyniman, Ələtli və Dürbənd kəndlərində, Kürdəmir, Zərdab, Beyləqan və Ağcabədi rayonları ərazisində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti