Azərbaycan, Bakı, 25 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın İmişli, Sabirabad və Saatlı rayonları ərazisindəki Sarısu gölü ətrafında kəndlərin əhalisi köçürülüb.
Fövqəladə Hallar Nazirliyinin internet saytının çərşənbə axşamı yaydığı məlumata görə, mayın 24-də Sarısu gölü ətrafında bəndin yuyulması nəticəsində, daşqın suların ətrafa yayılması ilə əlaqədar təhlükəli hesab edilən ərazilərdə - Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Əsgərbəyli, Axtaçı kəndlərində; Saatlı rayonunun Novruzlu, Dəllər, Nərimankənd, Musalı kəndlərində və yaxınlıqda yerləşən məcburi köçkün şəhərciyində yaşayan əhali Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar tərəfindən təxliyyə edilib.
Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.