Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Bakının Yasamal rayonunda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı tanışını 54 bıçaq zərbəsi ilə qətlə yetirib.
Yasamal Rayon Prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, avqustun 22-də Yasamal rayonu, Bünyadzadə küçəsi, ev 230, mənzil 10-da yaşayan Biləcəri Enerji Təchizatı İdarəsinin rəisi, 52 yaşlı İsmayıl Allahverdiyevin evinə gələn ədliyyə mayoru Habil Bayramov yaxın tanışı Yəhyayevlə birlikdə ev sahibini xüsusi amansızlıqla öldürüblər.
Allahverdiyevin evinə daxil olmaq istəyən yaxınları məcbur olub qapını sındırıb içəri keçən zaman Bayramov qaçmaq məqsədi ilə özünü beşinci mərtəbədən atıb.
Özünü evin eyvanından atan Bayramov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Yəhyayev isə polis tərəfindən saxlanılıb.
Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.