Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/
Bakıdakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Şakir Teymur oğlu Umbatova qardaşı Tofiq Teymuroviç Hümbətovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.
Baxış zamanı "Biskvit" kətələrinin içərisindən sellofan paketə bükülmüş xalis çəkisi 1.962 qram olan narkotik vasitə - tiryək, 78 ədəd "Tramadol" həbləri, 2 ədəd "Nokia" markalı mobil telefon aparatları və 1 ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Ş.Umbatov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.