Azərbaycan, Bakı, 17 noyabr /Trend/
Azərbaycan gömrükçüləri İrandan gətirilmiş külli miqdarda narkotikin realizə olunmasının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin ölkə ərazisində realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.
Daxil olmuş əməliyyat məlumatına əsasən, Əməliyyat İdarəsində yaradılmış əməliyyat qrupu DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində birgə əməliyyat tədbiri həyata keçiriblər. Əməliyyat zamanı Azərbaycan Respublikasının vətəndaşı Rzayev Elməddin Elman oğlu şərti alıcıya bir ədəd polietilen torbanın içərisində olan narkotik vasitəni - həşiş qətranını satarkən əməliyyat qrupu tərəfindən saxlanılıb.
Baxış zamanı bir ədəd polietilen torbanın daxilindən on bir ədəd müxtəli ölçülü, dördkünc formalı, şəffaf polietilenə bükülmüş spesifik rəngə və qoxuya malik, ümumi çəkisi 4 kiloqram 600 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunaraq protokol əsasında götürülüb.
Fakt üzrə ilkin araşdırma zamanı Rzayev Elməddin Elman oğlu izahat verərək törətdiyi qanunsuz əməlləri etiraf edib, aşkar olunmuş külli miqdarda narkotik vasitəni İran İslam Respublikasında əldə edərək satmaq məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirdiyini bildirib.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.