...

Azərbaycanın dövlət sərhədini pozduqları üçün 37 nəfər saxlanılıb

Hadisə Materials 10 İyun 2015 10:58 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin may ayı ərzində Azərbaycan Respublikasının dövlət sərhədini pozduqları üçün 29 halda 37 nəfər saxlanılıb.
Azərbaycanın dövlət sərhədini pozduqları üçün 37 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlkin İzzət/

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin may ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 29 halda 37 nəfər saxlanılıb, onların 24 nəfəri Azərbaycan, 3 nəfəri Özbəkistan, 3 nəfəri İran, 2 nəfəri Rusiya, hər ölkədən bir nəfər olmaqla Türkiyə, Gürcüstan, Qırğıstan, Moldova və Litva vətəndaşları olub.

DSX-dan Trend-ə verilən məlumata görə, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 9 nəfər, Xəzər dənizində 23 halda 32 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 411 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 28 halda 33 kiloqram 323,6 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıqla mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 76 halda ümumi dəyəri təqribən 444 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd travmatık tapança, travmatik tapança üçün 7 ədəd patron və 1 ədəd daraq, 3 ədəd 7,62 mm-lik patron, 1,5 kq barıt, 1 ədəd beşbarmaq, 500 ABŞ dolları, 1.228.000 RF rublı, 550 AR manatı, 500 İİR rialı, 774 qram qızıl-zinət əşyaları, 1 ədəd mühərrik, 5 ədəd qayıq, 800 metr tor, 132 ədəd mobil telefon, 1566 ədəd 600 qramlıq mühərrik yağı, 28 ədəd peyk antenasının aksesuarları, 7910 qutu müxtəlif markalı siqaret, 149 ədəd müxtəlif spirtli içkilər, 36 kq parfümeriya məmulatı, 327 ədəd müxtəlif dərman preparatları və digər istehlak malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti