...

Bu il Bakıda 7181 sərxoş sürücü saxlanılıb (FOTO)

Hadisə Materials 28 Avqust 2018 12:37 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, qəzaların qarşısını almaq və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədi ilə yol polisi tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxt ərazisində keçirilən sonuncu belə tədbir əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, polisin qanuni “saxla” əmrinə tabe olmayan, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən və digər kobud qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib.

Tədbir zamanı Binəqədi rayonu ərazisində yol hərəkəti qaydasını pozduğuna görə “Mercedes” markalı avtomobilin sürücüsünə saxlama işarəsi verilsə də sürücü polisin əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Daha sonra yol polisləri tərəfindən Rəsulzadə qəsəbəsi ərazisində saxlanılan sürücü bu dəfə sənədlərini təqdim etməkdən boyun qaçırıb.
Yol polisinin apardığı profilaktik tədbir zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər da aşkar edilib.

Nəsimi rayonu ərazisində saxlanılan “Dodge” markalı avtomobilin sürücüsü Səhhət Məmmədovun ilkin müayinə zamanı nəqliyyat vasitəsini içkili halda idarə etdiyi məlum olub. Sürücü alkoqol müayinəsindən keçirilməsi üçün tibb məntəqəsinə dəvət edilsə də, o bundan imtina edib. Daha sonra tibbi müayinədən keçməyə razı olan sürücünün sərxoşluq dərəcəsi təyin olunub və bu barədə protokol tərtib edilib.
Yol polisi tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər aparılıb, sükan arxasında daha da məsuliyyətli olmağın vacibliyi vurğulanıb. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, 2018-ci ilin əvvəlindən avqustun 20-nə qədər olan müddətdə Bakı şəhəri ərazisində yol hərəkəti qaydaları pozuntusuna görə inspektorlar tərəfindən 410 mini inzibati protokol tərtib edilib. Bu protokollardan 7181-i nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, 216-ı avtoxuliqanlıq, 1209-u ötmə və manevr etmə qaydalarına əməl etməyən, 19327-i işıqforun qırmızı işığında hərəkətini davam etdirən sürücülər barəsində tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti