...

Bu il 132 tondan artıq narkotik tərkibli bitkilər yığılaraq məhv edilib

Hadisə Materials 27 Oktyabr 2018 08:16 (UTC +04:00)
Bu il 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.
Bu il 132 tondan artıq narkotik tərkibli bitkilər yığılaraq məhv edilib

Bakı. Samir Əli - Trend:

Bu il 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.

İşçi Qrupdan Trend-ə verilən məlumata görə, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2641 fakt aşkar edilib ki, onlardan 834-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1527-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 229-u qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 51-i isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 179 kq 111,716 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 10140 ədəd çətənə kolu müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 628 kq 066,092 qr marixuana (28,9%), 316 kq 395,602 qr tiryək (14,5%), 1 ton 072 kq 475,986 qr heroin (49,2%), 56 kq 526,795 qr həşiş (2,6%), 96 kq 456,2 qr digərləri (4,4%), 4 kq 345,299 qr psixotrop maddələr (0,2%), 4 kq 845,732 prekursorlar (0,2%), o cümlədən 2 kq 184,1 qr güclü təsir edən maddə, 1 kq 533,2 qr zəhərli maddələr, 0,01 qr Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 397 flakon mydrax 100% və 18788 ədəd həb təşkil edib.

Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 421 ha 46 sot ərazidən 132 ton 165 kq 418 qr (248 min 802 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30.131 nəfər qeydiyyatda olub ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman, 21038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülmüş, 1432 nəfər isə qeydiyyatdan çıxarılıb.

2018-ci ilin III rübü ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 22 986 nəfər keçib. Onlardan 2751 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 1396 nəfər istifadəçi aşkar olunaraq qeydiyyata götürülüb.

Həmçinin, hesabat dövründə 2971 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 748 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 2216 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda digər müalicə proqramı üzrə fəaliyyət göstərən dörd məntəqədə proqram çərçivəsində 289 xəstə müalicə alır. Onlardan 130 nəfəri Respublika Narkoloji Mərkəzində, 70 nəfər QİÇS-lə Mübarizə Mərkəzində, 12 nəfəri Sumqayıt Şəhər Rayonlararası Narkoloji dispanserdə, 77 nəfəri isə Bakı Şəhər Narkoloji dispanserindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti