Bakı. Trend:
Yeniyetməni özünü öldürmə həddinə çatdıran şəxs barəsində cinayət işi yekunlaşıb
Yevlax rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu il sentyabrın 23-də Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü Ramil Əliyevin (şərti ad və soyad) Yevlax-Bərdə yolunun üzərində yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 299.2-ci (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə məcbur etmə) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Aparılmış istintaqla, zərərçəkmişin tanışı Zaur Təhməzovun Ramil Əliyevə sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlib barəsində məhkəmədə yalan ifadə verməyə məcbur etməsi səbəbindən sonuncunun intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Zaur Təhməzova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.