...

Qəzaya düşən bloqerin qabırğası da sınıb - TƏBİB

Hadisə Materials 16 Avqust 2023 12:40 (UTC +04:00)

Bakı. Trend:

Avqustun 15-i qəzaya düşən bloqer Nicat Mütəllimovda müayinələr zamanı sağ və solda birinci qabırğanın sınığı aşkarlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent Nicat Mütəlimovun vəziyyəti stabil olaraq qalır:

"Müayinələr zamanı pasiyentdə sağ və solda birinci qabırğanın sınığı da aşkar olunub. Hazırda dinamiki müşahidə və müalicəsi davam etdirilir".

Xatırladaq ki, hadisə avqustun 15-i gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, bloqer Nicat Mütəllimovun idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb. Nəticədə Nicat Mütəllimov xəsarət alıb, onun sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Mütəllimov sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə və Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, Nicat Mütəllimov sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqerdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti