Azərbaycan, Bakı, 11 oktyabr /Trend/
Tovuz sakini ovçuların hədəfinə çevrilən xınalı kəkliyi həyətində saxlayır.
Trend Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, artıq 2 ildir əldə etdiyi bu quşu bəsləyən Xəyal Qarayev kəkliklərin sayını artıraraq 30-a çatdırıb.
Adi ev quşları kimi yumurta qoyan kəklik 21 gün sonra bala verir. Xüsusi hazırlanmış qəfəsdə saxlanılan xınalı kəklik artıq bu mühitə tam uyğunlaşıb.
X.Qarayev bu gözəl quşları üyüdülmüş yonca və xüsusi kalorili yemlə bəsləyir. Onun sözlərinə görə, kəkliyin yumurtalarını adi ev quşları da çıxarır, amma sürətlə böyüyən balalar nəzarətsiz qaldıqda uçub gedirlər.
Kəkliyin ölkəmizdə daha çox boz növü yayılıb. Xınalı kəklik isə əsasən çay kənarlarında gözə dəyir. Dik dağlarda yuva quran bu canlı 23 yumurta qoya bilir.